Aİ israillilər üçün vizasız gediş-gəlişi ləğv edə bilər
Dünya
18.06.2025 15:40
Avropa İttifaqı İsrail vətəndaşları üçün qısamüddətli səfərlərdə tətbiq olunan vizasız rejimi ləğv edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Euronews” Avropa Parlamentindəki mənbələrə istinadən məlumat yayıb.
Avropa Parlamenti və Avropa Şurası arasında razılaşdırılmış yeni mexanizmə əsasən, İsrail bu qaydaların tətbiq ediləcəyi ilk ölkələrdən biri ola bilər. Söhbət Şengen zonasına vizasız gediş-gəlişin dayandırılmasına dair mexanizmin yenilənməsindən gedir.
Yeni qaydalara görə, insan haqlarının pozulması da vizasız rejimin dayandırılması üçün əsaslardan biri kimi qəbul ediləcək. BMT-nin İsraili Qəzza zolağında aparılan müharibə zamanı müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham etməsi bu qərarın əsas motivlərindəndir.
Hazırda Avstraliya, Braziliya, İsrail, Yaponiya, Böyük Britaniya, Ukrayna və Qərbi Balkan ölkələri də daxil olmaqla 61 ölkənin vətəndaşları Şengen zonasında 90 günədək vizasız qala bilirlər.
Qiymət Mahir
tag: Aİ,İsrail,Avropa Şurası,Braziliya,Todaypress.tv,