AI ilə özünü 29 yaşlı həkim kimi göstərdi, 25 min dollar aldı

AI ilə özünü 29 yaşlı həkim kimi göstərdi, 25 min dollar aldı
25.09.2026 07:00 Dünya

Çində 65 yaşlı qadın süni intellektdən istifadə edərək sosial şəbəkələrdə özünü 29 yaşlı həkim kimi təqdim edib və bir kişidən 25 min dollar alıb.

TodayPress TV xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Kişi qadınla 2021-ci ildə tanış olub. Qadın özünü nüfuzlu xəstəxanada çalışan həkim kimi təqdim edib və ona tikinti işləri üzrə müqavilələr əldə etməkdə kömək edə biləcəyini deyib. O, sosial şəbəkələrdə süni intellekt vasitəsilə yaradılmış gənc görünüşdə minlərlə video yayımlayıb.

Kişi “həkim”lə münasibət qurmağa başlayıb, lakin onlar bir neçə il ərzində heç vaxt şəxsən görüşməyiblər. Qadın bunu anasının münasibətlərə qarşı çıxması ilə izah edib, həmçinin kişidən böyük məbləğdə cehiz pulu və daşınmaz əmlak almasını tələb edib.

Beş ay ərzində kişi qadına təxminən 25 min dollar köçürüb. Vəd edilən biznes əlaqələri yaranmadıqdan sonra isə polisə müraciət edib.

Araşdırma zamanı qadının 1961-ci ildə doğulduğu, tibb təhsili almadığı və xəstəxanada xadimə işlədiyi müəyyənləşib.

İstintaq qadının süni intellektdən görünüşünü dəyişdirmək və gənc həkim obrazı yaratmaq üçün istifadə etdiyini müəyyən edib. O, əldə etdiyi pulları estetik əməliyyatlara, şəxsi qulluğa və geyimə xərcləyib.

Qadının daha əvvəl də dələduzluğa görə məhkum edildiyi və 2009-cu ildə 4 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər