ABŞ yenidən UNESCO-dan çıxır: Tramp administrasiyası qərarını əsaslandırdı

Dünya

22.07.2025 18:30

İyulun 22-də ABŞ Prezidenti Donald Tramp ölkəsinin UNESCO-dan çıxmaq barədə qərarını elan edib.

TodayPress TV xəbər verir ki, o, səbəb kimi təşkilatın ABŞ-nin maraqlarına zidd təşəbbüsləri dəstəkləməsini göstərib. Bu, ABŞ-nin UNESCO-dan üçüncü dəfə çıxmasıdır.

ABŞ UNESCO-nun təsisçilərindən biridir və uzun illər ərzində təşkilatın fəaliyyətində mühüm rol oynayıb. Ölkənin bu quruma verdiyi dəstəyə baxmayaraq, 1985, 2017 və nəhayət 2025-ci ildə ABŞ UNESCO-dan çıxmaq qərarını verib. Tramp administrasiyası hesab edir ki, təşkilat qlobalist və ideoloji gündəmi təşviq edir və İsrail əleyhinə yanaşmalar sərgiləyir.

Vaşinqton xüsusilə UNESCO-nun Fələstini üzv qəbul etməsini və təşkilatın bəzi qərarlarında İsraili işğalçı tərəf kimi təqdim etməsini tənqid edir. Tramp bu qərarı ABŞ-nin milli maraqlarını qorumaq və beynəlxalq strukturlarda prioritetlərini yenidən müəyyənləşdirmək zərurəti ilə izah edib.

Qeyd edək ki, ABŞ-nin UNESCO-dan rəsmi şəkildə çıxışı 2026-cı il dekabrın 31-də başa çatacaq. Bununla da Vaşinqton, Çin kimi ölkələrin təşkilatdakı təsirinə qarşı son illərdə başladığı qayıdış strategiyasını dayandırmış olur.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,UNESCO,Todaypress.tv,