ABŞ Rusiya və Çinə görə təyyarələrindən imtina edə bilər

Dünya

18.07.2025 10:02

ABŞ Hərbi Hava Qüvvələri strateji bombardmançı "B-1B Lancer" təyyarələrindən imtina edə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “The National Interest” jurnalının şərhçisi Harrison Kass yazıb.

Onun fikrincə, bu qərar ABŞ-nin gələcəkdə Rusiya və Çin kimi güclü rəqiblərlə mümkün münaqişələrə hazırlığı çərçivəsində qəbul edilə bilər.

“ABŞ İraq və Əfqanıstan kimi açıq hava məkanında baş verən münaqişələrdən imtina edərək, hava məkanının ciddi qorunduğu potensial müharibələrə, xüsusilə Çin və Rusiya kimi ölkələrə yönəlir. Bu ölkələrin getdikcə təkmilləşən hava hücumundan müdafiə (HHM) sistemləri "B-1B" təyyarələrinin effektivliyini azaldır”, - deyə müəllif bildirib.

Pentaqonun planlarına əsasən, "B-1B" bombardmançıları gələcəkdə daha müasir "B-21 Raider" təyyarələri ilə əvəzlənəcək. Kassın sözlərinə görə, "B-21 Raider" xüsusi olaraq yüksək effektiv aşkarlama sistemləri ilə qorunan hava məkanına nüfuz edə biləcək şəkildə dizayn olunub.

O əlavə edib ki, "B-1B Lancer" təyyarəsi birqütblü dünya dövründə effektiv olsa da, artan qlobal rəqabət və təhlükəsizlik çağırışları fonunda bu təyyarə artıq köhnəlmiş sayılır. ABŞ-nin strategiyası artıq sürət və gücdən çox, radarlardan yayınma (görünməzlik) qabiliyyətinə üstünlük verir.

Töhfə Səməd

tag: ABŞ ,Hərbi Hava Qüvvələri,B-1B Lancer,Qəyyarə,Todaypress.tv,