ABŞ “Qiyamət Günü” təyyarəsini işə saldı
Dünya
21.06.2025 15:57
ABŞ-də Prezident Donald Trampa təhkim olunmuş və "Qiyamət Günü" adlandırılan "E-4B" təyyarəsinin uzun müddətdən sonra yenidən havaya qalxması ölkədə ciddi narahatlıq yaradıb.
TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, nüvə hücumuna belə tab gətirə biləcək şəkildə dizayn edilmiş bu strateji təyyarələr, fövqəladə hallarda yüksək səviyyəli rəsmilərin havadan idarəetmə mərkəzi kimi istifadə olunur.
Təyyarənin uçuş marşrutu və zamanlaması Yaxın Şərqdə, xüsusilə İran-İsrail qarşıdurmasında gərginliyin pik həddə çatdığı dövrə təsadüf edib. Bundan əlavə, Trampın İrana qarşı sərt çıxışları, o cümlədən “İran qeyd-şərtsiz təslim olmalıdır” bəyanatı uçuşla bağlı sosial mediada ciddi müzakirələrə səbəb olub.
Bununla belə, ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi açıqlamasında bildirilib ki, uçuş əvvəlcədən planlaşdırılıb və Yaxın Şərqdəki son böhranla əlaqəli deyil. Açıqlamaya görə, uçuş "Air Force Global Strike Command"in komanda səviyyəsində ziyarəti çərçivəsində həyata keçirilib.
Xatırladaq ki, "E-4B" tipli təyyarələr yalnız müharibə şəraitində deyil, həmçinin fəlakətlər zamanı, məsələn, qasırğalarda və fövqəladə hallarda komanda qərargahı kimi istifadə edilib. 11 sentyabr terror hücumları zamanı da bu təyyarələrdən biri Prezident Corc Buş üçün müvəqqəti komanda mərkəzi kimi xidmət göstərmişdi.
Üçmərtəbəli olan bu təyyarələr brifinq otaqları, iclas zalları, istirahət sahələri və yüksək texnologiyalı rabitə sistemləri ilə təchiz olunub. Eyni zamanda, "E-4B"lər istilik və nüvə hücumlarına qarşı zirehlə, həmçinin kiber və elektromaqnit hücumlara qarşı davamlı sistemlərlə qorunur.
Təyyarələr 67 anten və peyk rabitə qurğusu daşıyır və yerdən yanacaq doldurulmadan bir həftəyə qədər fasiləsiz xidmət göstərə bilir. ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına baxmayaraq, təyyarənin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin İsrailə qarşı sərt bəyanatlar verdiyi və Trampı dolayı yolla hədələdiyi saatlarda havaya qalxması diqqətdən yayınmayıb.
Hazırda ABŞ-nin istifadəsində yalnız dörd ədəd "E-4B" təyyarəsi var və bu hava vasitələri nüvə dövrünün ən strateji aviasiya texnikası hesab olunur.
Töhfə Səməd
tag: ABŞ,Donald Tramp,Qiyamət Günü,E-4B,todaypress.tv,