ABŞ Fələstin pasportu olanlar viza qadağasını genişləndirir

Dünya

01.09.2025 10:55

ABŞ Prezidenti Donald Trampın administrasiyası Fələstin pasportu sahibləri üçün viza məhdudiyyətlərini genişləndirib. 

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata görə, qeyri-immiqrant ziyarətçi vizalarının verilməsi dayandırılıb.

Yeni qaydalar müalicə, universitet təhsili, işgüzar səfərlər, dostlara və ailəyə baş çəkmə kimi məqsədlərlə edilən viza müraciətlərini də əhatə edir.

Avqustun 18-də ABŞ Dövlət Departamenti tərəfindən səfirlik və konsulluqlara göndərilən məktubda qeyd olunur ki, bu məhdudiyyətlər əvvəllər yalnız Qəzza zolağı sakinlərinə tətbiq olunurdusa, indi İordan çayının qərb sahili və bütün dünyadakı fələstinli diaspor üzvlərini də əhatə edir.

Bundan əlavə, ayın əvvəlində Tramp administrasiyası Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyasının nümayəndələrinin vizalarını da ləğv edərək, onların BMT Baş Assambleyasında iştirak etməsinin qarşısını alıb.

ABŞ Dövlət Departamenti bu qərarın milli təhlükəsizlik narahatlıqları ilə əlaqəli olduğunu bildirib və fələstinli liderləri terrorizmdən əl çəkməməkdə ittiham edib.

Türkan İsgəndərli

tag: ABŞ,Fələstin,Viza,Miqrant,Todaypress.tv,