“Zəngilan” tankeri ilə indiyədək daşınan yükün həcmi açıqlandı
Cəmiyyət
02.07.2025 11:52
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilmiş “Zəngilan” tankerinin istismara verilməsinin bir ili tamam olur.
TodayPress TV ASCO-ya istinadən xəbər verir ki, tanker Prezident İlham Əliyevin iştirakı ilə məhz ötən il iyulun 2-də istismara verilmişdi.
İstismarda olduğu ilk ildə “Zəngilan” tankeri Alaca – Səngəçal marşrutu üzrə 39 səfər həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi ilə ümumilikdə 266 654 ton yük daşınıb.
“Zəngilan”ın uzunluğu 141, eni 16,9, bortunun hündürlüyü 6 metr təşkil edir. 9212 kubmetr ümumi tutumlu 6 yük çəni, 7875 ton dedveyt, 10 knot sürət və beynəlxalq tələblərə uyğun yüksək standartlar bu gəmini texniki cəhətdən qabaqcıl nümunəyə çevirir.
“Zəngilan” həm neft, həm də kimyəvi məhsulların daşınması üçün nəzərdə tutulub. Tankerin suya oturumu maksimum yüklə belə Xəzər hövzəsində dayaz limanlara daxil olmağa və Xəzərdənkənar sularda istismar olunmağa tam imkan verir.
tag: Zəngilan,Tanker,Yük,Daşınma,Todaypress.tv,