Tıxaclar artır: Bakı-Sumqayıt yolu ödənişli olacaq?
Cəmiyyət
14.10.2025 16:43
Son günlər sosial mediada insanlar arasında Bakı-Sumqayıt yolunun ödənişli olması ilə bağlı müzakirələr gedir.
Bildirilir ki, bu cür üsul tıxaclara təsir edə bilər.
Maraqlıdır, Bakı-Sumqayıt yolu pullu ola bilər?
Mövzu ilə bağlı müzakirələrə münasibət bildirən nəqliyyat eksperti Raqif Raufoğlu TodayPress TV-yə bildirib ki, dünyada əsas magistral yolların ödənişli olması yalnız alternativ marşrut mövcud olduqda tətbiq edilir.
Onun sözlərinə görə, əgər mövcud yola paralel, daha sürətli və rahat hərəkət imkanı yaradan yeni yol çəkilərsə, onun pullu olması normal sayılır:
"Dünyanın heç bir yerində əsas yol pullu ola bilməz. Ancaq o halda mümkündür ki, həmin istiqamətdə alternativ, pulsuz yol da mövcud olsun. Məsələn, Bakı-Quba yolunda olduğu kimi, köhnə yol və daha rahat yeni yol var. Vaxtına qənaət etmək üçün sürücülər pullu yoldan istifadə edə bilir".
Ekspert əlavə edib ki, Cənub istiqamətində də oxşar situasiya müşahidə olunur:
"Cənub yolu da əvvəlcə pullu olmalı idi, lakin onun alternativ marşrutu olan köhnə yol bərbad vəziyyətdə olduğundan bu qərar tətbiq edilmədi. O yol tam təmir ediləndən sonra pullu alternativin istifadəsi mümkün ola bilər".
Raqif Raufoğlu vurğulayıb ki, Bakı-Sumqayıt istiqamətində də eyni prinsip tətbiq oluna bilər:
"Əgər yeni, daha sürətli və rahat alternativ yol təklif olunarsa, bu, normal addımdır. Amma bugünkü vəziyyətdə cəmi bir Bakı–Sumqayıt yolu olduğu halda, həmin magistralı pullu etmək absurd olardı", - deyə o fikirlərini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Raqif Raufoğlu,Ekspert,Bakı,Sumqayıt,Ödənişli yol,Todaypress.tv,
