Zaur Mikayılov: “Su qıtlığını təkcə kanallarla həll etmək mümkün deyil”
Cəmiyyət
11.09.2025 10:33
“Azərbaycanda su strategiyası və su sektorunun inkişafı dövlətin ən prioritet istiqamətlərindəndir”.
TodayPress TV xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bunu “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiyada deyib.
O bildirib ki, bu sahədə əldə olunan ən mühüm nailiyyətlərdən biri Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Milli Su Strategiyasıdır.
“Su problemini hər hansı bir ölkənin yalnız öz maraqları çərçivəsində həll etməsi mümkünsüzdür. Bu baxımdan, beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Artıq su qıtlığı elə bir həddə çatıb ki, məsələni təkcə kanalların çəkilməsi ilə aradan qaldırmaq mümkün deyil. Suya olan tələbat sürətlə artır və bu sahədə alternativ həllərin tətbiqi qaçılmazdır”,- deyə Z.Mikayılov qeyd edib.
Onun sözlərinə görə, dünyadakı su ehtiyatlarının cəmi təxminən 4 faizi insanların istifadəsinə yararlıdır. Bu səbəbdən alternativ mənbələrin axtarışı istiqamətində ciddi işlər görülür. Hazırda yağış sularının toplanması və dəniz suyunun duzsuzlaşdırılması üzərində tədqiqatlar aparılır. Bu alternativlərin reallaşdırılması gələcək nəsillərin rifahı üçün atılacaq mühüm addım olacaq.
Qiymət Mahir
tag: Bakı,Su,Həftəsi,Tədbir,Todaypress.tv,