Salman Musayev: “Din heç zaman radikal olmayıb”
Cəmiyyət
22.10.2025 12:46
“Cəmiyyətin formalaşmasında və insanların öz əqidələri ətrafında birləşməsində din təhsili mühüm rol oynayır”.
TodayPress TV xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumunun açılış mərasimində deyib.
O qeyd edib ki, İslam dünyasında dərin iz buraxan alimlər yetişib:
“Sovet dövründə məscidlərin bağlanması və ya başqa məqsədlərlə istifadəsi ateizmin güclənməsinə səbəb olmuşdu. 1980-ci illərin sonlarında Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində mədrəsə açıldı. Burada həm şiə, həm də sünni tələbələr təhsil almağa başladı. Birgə təhsil məzhəblərarası düzgün münasibətlərin qurulmasına imkan yaratdı. Müəyyən dövrlərdə dini inanclarla siyasətin savaşı fonunda dinin prinsiplərini cəmiyyətə fərqli çatdıraraq onu əzməyə çalışıblar. Lakin din heç vaxt radikal olmayıb”.
Müfti təklif edib ki, Azərbaycanda dini təhsil tarixən mövcud olduğu kimi qorunsun.
“Azərbaycanın tolerantlıq və məzhəblərarası münasibət ənənələri bir çox dövlətlər üçün nümunə hesab olunur”, – deyə Salman Musayev fikrini yekunlaşdırıb.
Qiymət Mahir
tag: Salman Musayev,Müfti,Din,Radikal,Todaypress.tv,
