Xaçmazda yeniyetməyə anasını öldürməyi "ChatGPT" tapşırıb? – DƏHŞƏTLİ DETALLAR
Cəmiyyət
04.07.2025 16:54
Xəbər verdiyimiz kimi, Xaçmazda 15 yaşlı yeniyetmə telefona görə anasını qətlə yetirib. Sosial şəbəkələrdə cinayəti törədən şəxsin hadisədən əvvəl "ChatGPT" adlı süni intellekt botu ilə məsləhətləşməsi ilə bağlı iddialar səsləndirilib.
Hadisə hazırda dünyanın müxtəlif ölkələrində insanlar tərəfindən geniş istifadə olunan "ChatGPT"nin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Maraqlıdır, süni intellekt botları həqiqətəndə insanları cinayətə sövq edə bilər?
Mövzu ilə bağlı kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə TodayPress TV-yə açıqlamasında bildirib ki, süni intellekt texnologiyalarının gündəlik həyata sürətlə inteqrasiya etdiyi bir dövrdə, insanlar artıq bir çox qərarlarını "ChatGPT" kimi süni intellekt əsaslı "chatbot"lar vasitəsilə qəbul edirlər.
Onun sözlərinə görə, bu texnologiyalar bir çox sahədə faydalı olsa da, bəzən təhlükəli nəticələrə də yol aça bilər:
"Təbii ki, bəzi həssas və ciddi qərarların bu tip alətlər vasitəsilə verilməsi düzgün deyil. "ChatGPT" kimi süni intellekt platformalarında cinayət xarakterli və ya həssas məzmunlu suallara qarşı filtrasiya sistemləri mövcuddur. Bu cür hallarda sistem qanun pozuntusu barədə xəbərdarlıq edir və cavab verməkdən imtina edir".
Ekspert vurğulayıb ki, manipulyativ və qeyri-etik üsullarla bəzən bu filtrləri keçərək, arzuolunmaz məlumatların əldə olunması mümkündür. Bu isə xüsusilə yeniyetmələr və uşaqlar üçün risk yaradır.
O, valideynlərə çağırış edərək onların övladlarının rəqəmsal fəaliyyətinə nəzarət etməsini istəyib:
“Vətəndaşlara tövsiyəm odur ki, uşaqlarının telefonlarında "ChatGPT" və digər süni intellekt əsaslı proqramların istifadə tarixçəsinə diqqət yetirsinlər. Bu, potensial riskli halların qarşısının alınmasında mühüm rol oynaya bilər, - deyə Əmrah Mövsümzadə fikrini yekunlaşdırıb.
Məsələ ilə bağlı "ChatGPT"yə də sual ünvanladıq. O, cavabında bildirib ki, hər hansı süni intellekt sistemi kiməsə zorakılıq, cinayət və ya insanlara zərər verməyi tövsiyə etmir, edə bilməz və etməməlidir.
“Mənim sistemim etik və hüquqi qaydalarla ciddi şəkildə məhdudlaşdırılıb. Əgər belə bir iddia varsa ki, “ChatGPT" kiməsə anasını öldürmək fikrini verib”, bu çox güman ki, ya kiminsə məsuliyyətdən yayınmaq cəhdi, ya yanlış anlaşılma, ya da görüntüləri saxtalaşdırmadır. Əgər real olaraq belə bir hadisə baş veribsə, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. "OpenAI" bu cür halların qarşısını almaq üçün sistemə bir çox təhlükəsizlik qatları əlavə edib və hər hansı zorakılıq çağırışı ciddi şəkildə bloklanır", - deyə “ChatGPT"nin cavab mətnində qeyd edilib.
Türkan İsgəndərli
tag: Əmrah Mövsümzadə,Mütəxəssis,ChatGPT,Süni İntellekt,Todaypress.tv,
