Gilasın qiyməti niyə düşmür?

Cəmiyyət

25.06.2025 16:20

Son günlər bazarlarda satışa çıxarılan gilasın qiymətinin baha olması alıcıların narazılıqlarına səbəb olub.

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, bu giləmeyvənin qiymətində müşahidə olunan artımın əsas səbəbi ona olan təklifin azalması və ixracın artması ilə bağlıdır.    

Onun sözlərinə görə, bu il ötən illə müqayisədə bazara daha az gilas çıxarılıb: 

“Məhsuldarlıq aşağı düşüb, bu da təklifin azalmasına səbəb olub. Eyni zamanda, ətraf ölkələrdə, xüsusilə də Türkiyədə gilasın qiymət gözlənilməz şəkildə artıb. Məsələn, Türkiyədə gilasın qiymət təqribən 500 lirəyə, yəni bizim pulla təxminən 20 manata qədər yüksəlib. Bu səbəbdən də Azərbaycandan Türkiyəyə, Rusiyaya və digər ölkələrə ixrac artıb".

İqtisadçı vurğulayıb ki, ixrac artdığı üçün daxili bazarda məhsul azalır və nəticədə qiymətlər bahalaşır:

“Təklif azalır, tələb isə dəyişməz qalır. Bu da təbii olaraq qiymətlərin yüksəlməsinə gətirib çıxarır".

Qeyd edək ki, hazırda yerli bazarlarda gilasın qiymət 6-12 manat arasında dəyişir.

Türkan İsgəndərli

tag: Natiq Cəfərli,iqtisadçı,Gilas,Qiymət,Todaypress.tv,

photo