WADA nümayəndələri Bakıda simpozium hazırlığı ilə tanış oldu
Cəmiyyət
26.10.2025 13:45
Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndə heyəti bu həftə Azərbaycanda səfərdə olub.
TodayPress TV xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) məlumatına görə, səfərin məqsədi 2026-cı il martın 18–19-da Bakıda keçiriləcək WADA-nın Avropa üzrə Regional Simpoziumuna hazırlıq işləri ilə tanışlıq olub.
Simpozium Gənclər və İdman Nazirliyi ilə AMADA-nın birgə təşkilatçılığı ilə baş tutacaq.
WADA 2026-cı ildə dörd regional simpozium keçirəcək və Avropa üzrə tədbir məhz Bakıda gerçəkləşəcək. Bu toplantılar 2027-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara hazırlıq məqsədi daşıyır.
Nümayəndə heyətinə WADA-nın Avropa ofisinin direktoru Sebastyen Jillo və tədbirlərin idarə olunması üzrə menecer Riziero Pisani daxil olub. Onlar Bakıda simpoziumun keçiriləcəyi məkanlara baxış keçiriblər.
Sebastyen Jillo hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu və plan üzrə davam etdiyini bildirib. Riziero Pisani isə simpoziumun AMADA-nın 10 illiyi ərəfəsində keçirilməsini əməkdaşlığın və regionda antidopinq təşəbbüslərinin güclənməsinin göstəricisi kimi qiymətləndirib.
WADA nümayəndələri Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsindəki peşəkarlığını yüksək dəyərləndiriblər.
Jalə Rövşən
