Valideynlər diqqət etsin: Bağçalarda uşaqların qidalanmasına xüsusi nəzarət tələb olunur

Cəmiyyət

20.10.2025 12:44

Bağçalarda uşaqlara verilən qidaların keyfiyyəti və tərkibi valideynlərin ən çox narahat olduğu mövzulardandır. 

Maraqlıdır, bəs bağçalarda uşaqların qidaları necə hazırlanmalıdır?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova TodayPress TV-yə açıqlamasında bildirib ki, bu məsələ uşaqların sağlam inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və mütəmadi nəzarət tələb edir.

Onun sözlərinə görə, bağçalarda və məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması həm müəssisə rəhbərliyi, həm də aidiyyəti dövlət orqanları tərəfindən davamlı olaraq nəzarətdə saxlanılmalıdır:

"Yaxşı olar ki, yeməklər uşaqlara təqdim olunan menyular üzrə əvvəlcədən tərtib olunmuş normalara əsaslansın. Qidalanma tələbləri müxtəlif yaş qruplarına uyğun olaraq vitamin və mineral balansını təmin edəcək şəkildə, təbii və təzə ərzaqlardan hazırlanmalıdır".

Ekspert əlavə edib ki, özəl və dövlət bağçalarında yeməklərin təqdim olunma forması fərqli ola bilər, lakin hər iki halda uşaqların böyüməsi və inkişafı üçün lazım olan qida balansı qorunmalıdır.

"Qidalanmanın düzgün və balanslı şəkildə təşkilinə Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən nəzarət həyata keçirilməlidir. Bağçalarda qidaları hazırlayan personalın da mütəmadi tibbi müayinədən keçməsi təmin olunmalıdır", - deyə Məhsəti Hüseynova fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Məhsəti Hüseynova,Mütəxəssis,Bağça,Qida,Todayğress.tv,

photo