Millət vəkilindən ŞAD XƏBƏR: “Buna görə vətəndaşın qazancı artacaq”
Cəmiyyət
04.08.2025 12:20
"2025-ci ilin ilk yarısında Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə, 3,5 dəfə artaraq 314,6 mln. kVt·st olub. Bu dövrdə bərpa olunan enerji mənbələrindən istehsal 15 faizə yaxın artaraq 2 330,1 mln. kVt·saata çatıb. Bütövlükdə, həmin dövrdə ölkəmizdə elektrik enerjisinin istehsalı 291,5 mln. kVt·st, yəni 2,2% artaraq 13 849,3 mln. kVt·st olub. Külək elektrik stansiyalarında isə 21,0 mln. kVt·st istehsal qeydə alınıb".
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Parlamentari bildirib ki, əksər inkişaf etmiş ölkələrdə ev təsərrüfatları və eləcə də icmalar bərpa olunan enerji mənbələrindən, o cümlədən külək və günəş enerjisi istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Bu, ev təsərrüfatlarının enerji satışından gəlir əldə etməsinə də imkan yarada bilir. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı, vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər.
"Bu, daha aşağı xərclə və qiymətlə enerji əldə edilməsinə imkan yarada bilər. Eyni zamanda, enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı, enerji xərclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir”.
Onun sözlərinə görə, COP29-a ev sahibliyi edən Azərbaycanda bərpa olunan enerji artımı regionda “yaşıl enerji zonası”nın genişlənməsinə stimul verəcək. Bu isə həm ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, həm də yaşıl iqtisadiyyatın gücləndirilməsi üzrə beynəlxalq və regional məqsədlərinə töhfədir.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,Vətəndaş,Qazanc,Todaypress.tv,
