“Sovetski” sakinlərinin kompensasiya dərdi: Ödənilən məbləğ bazar dəyərinə uyğundurmu?

Cəmiyyət

07.08.2025 18:20

Bakının mərkəzində yerləşən və illərdir söküntü prosesi ilə gündəmdə olan “Sovetski” ərazisi yenidən müzakirə mövzusuna çevrilib. Hazırda davam edən söküntü işləri Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görünüşünün daha da abadlaşdırılmasına xidmət edir.

Bəs evləri sökülən vətəndaşlara təqdim olunan kompensasiya bazar dəyərinə uyğundurmu?

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov TodayPress TV-yə açıqlamasında bildirib ki, “Sovetski” yalnız bir neçə küçə ilə məhdudlaşmır, daha geniş sahəni əhatə edir:

“Sovetski” anlayışı genişdir. İndi həmin ərazinin bir hissəsində Mərkəzi Park yerləşir, amma onun ətrafında hələ də sökülməyən çoxlu evlər var. Hazırda dəqiq nə qədər sahənin qaldığını söyləmək çətindir”.

Ekspert vurğulayıb ki, söküntü proseslərində ən çox narazılıq kompensasiyalarla bağlı yaranır:

“Bəzi evlər var idi ki, 30 kvadratmetrlik sahədə 2-3 ailə birlikdə yaşayırdı. Onlar bu şəraitə görə daha yüksək kompensasiya tələb edirlər. Belə hallarda narazılıqlar qaçılmaz olur. Hazırda vətəndaşlara verilən kompensasiya məbləği bir kvadratmetr üçün 2700 manat olaraq müəyyən edilib”.

Elnur Azadov əlavə edib ki, həmin ərazidə bəzi mənzillər tam təmirsiz, bəziləri isə yüksək keyfiyyətlə təmir olunub. Lakin hər ikisinə eyni məbləğdə kompensasiya təklif edilir ki, bu da haqlı narazılıqlara səbəb olur:

“Burada obyektiv yanaşma olmalıdır. Təmirsiz evlə yüksək təmirli ev eyni dəyərləndirilə bilməz və bu fərq nəzərə alınmalıdır. Hazırkı məbləğlə bəzi ailələr şəhər kənarında torpaq sahəsi belə ala bilmirlər”, - deyə o, fikrini yekunlaşdırıb.

Qeyd edək ki, paytaxtın mərkəzi ərazilərində, xüsusilə Nəsimi, Yasamal və Səbail rayonlarında, həmçinin Nizami Gəncəvi, Cəfər Cabbarlı, Azadlıq və Nərimanov prospektləri ətrafında mənzillərin satış qiymətləri yüksək dinamika göstərir. Belə ki, cari ilin yay aylarında bu zonalarda yeni tikili mənzillərin 1 kvadratmetrinin qiyməti orta hesabla 3500-6500 manat aralığında dəyişir. Köhnə tikililərdə bu rəqəm 2500-4000 manat arasında olsa da, təmir vəziyyəti, mərtəbə və binanın infrastrukturu qiymətə ciddi təsir göstərir. Aktiv zonalarda qiymətlərin sabit qalmasına baxmayaraq, bəzi mərkəzi küçələrdə tikinti layihələrinin çoxalması qiymət artımını şərtləndirir.

Türkan İsgəndərli

tag: Elnur Azadov,Ekspert,Sovetski,Kompensasiya,Todaypress.tv,

photo