Avtomobillər niyə qəfil od tutur? - Səbəblər və qorunma yolları

Cəmiyyət

10.10.2025 12:07

Son zamanlar sosial şəbəkələrdə və mətbuatda tez-tez avtomobillərin durduğu yerdə qəfil alışması ilə bağlı xəbərlərə rast gəlinir. 

Bəs bu hallar nədən qaynaqlanır?

Avtomobil ustası Nofəl Səmədov TodayPress TV-yə açıqlamasında bildirib ki, belə hadisələrin başlıca səbəbi avtomobillərdə elektrik təhlükəsizliyi qaydalarına əməl olunmamasıdır.

Onun sözlərinə görə, bir çox sürücülər avtomobillərinə müxtəlif əlavə avadanlıqlar – siqnalizasiya sistemi, multimedia cihazı, işıqlandırma və digər elektrik avadanlıqları quraşdırarkən peşəkar ustalara müraciət etmir:

"Avtomobillərdə elektrik xətlərinin düzgün birləşdirilməməsi, qoruyucuların (predoxranitel) çıxarılması və ya zəif naqillərin istifadəsi nəticəsində qısaqapanma baş verir. Bu da çox vaxt maşının dayandığı yerdə yanmasına səbəb olur".

Usta sürücülərə məsləhət görüb ki, avtomobildə edilən hər bir texniki müdaxilə yalnız ixtisaslı ustalar tərəfindən həyata keçirilməli, xüsusən də elektrik sisteminə aid dəyişikliklər zamanı ehtiyatlı davranılmalıdır:

"Bəzən ucuz başa gəlsin deyə ustalıq təcrübəsi olmayan adamlara müraciət edirlər. Amma nəticədə həm avtomobil, həm də ətrafdakı digər nəqliyyat vasitələri risk altına düşür. Qış fəsli yaxınlaşdıqca, elektrik sisteminə düşən yük artır. Xüsusilə də qızdırıcılar və işıqlandırma sistemləri daha çox istifadə olunduğu üçün bu cür hadisələrin qarşısının alınması üçün profilaktik yoxlamalar aparılmalıdır", - deyə Nofəl Səmədov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Nofəl Səmədov,Avtomobil ustası,Avtomobillər,Od tutma,