Sosioloqlar xəbərdarlıq edir: Cəmiyyətin mənəvi dəyərlərində aşılanma - Təhlükə yaxınlaşır

Cəmiyyət

17.10.2025 17:12

"Ailə daxilində baş verən qətl halları təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunsa da, cinayətə bəraət qazandırılmamalıdır".

Bunu TodayPress TV-yə açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Onun sözlərinə görə, bizim cəmiyyət tarixən ailə dəyərləri, sevgi və ehtiram üzərində formalaşıb. Ona görə də belə hadisələrin baş verməsi və bəzi insanların buna haqq qazandırması çox düşündürücüdür.

"Xəyanət iddiası ilə törədilən qətllər nə mənəvi, nə də hüquqi baxımdan əsaslandırıla bilməz. Bu, doğru hal deyil. Biz dünyəvi cəmiyyətdə yaşayırıq, patriarxal adətlərin hökm sürdüyü bir mühitdə yox. Burada hüququn aliliyi var və hər bir insanın hüquqları qanunla qorunur. Heç kəsin digərinin həyatına qıymaq haqqı yoxdur. Təəssüf ki, bəzi insanlar hələ də sübut edilməmiş bir "xəyanət" bəhanəsi ilə cinayətə haqq qazandırmağa çalışırlar. Bu, cəmiyyət üçün təhlükəli tendensiyadır".

Sosioloq qeyd edib ki, belə düşüncələrin artması cəmiyyətin mənəvi və sosial şüur səviyyəsində dəyişikliklərin, yəni müəyyən dəyərlərdən uzaqlaşmanın göstəricisidir:

"Əvvəllər bu kimi hallara daha sərt reaksiya verilirdi, insanlar belə davranışları pisləyirdilər. İndi isə bəziləri bunu adi hal kimi dəyərləndirir. Bu da onu göstərir ki, cəmiyyətin ailə dəyərləri və məsuliyyət hissi zəifləyib. Bu tendensiyanın qarşısını yalnız maarifləndirmə, hüquqi savadlılığın artırılması və ailə institutunun gücləndirilməsi ilə almaq mümkündür".

Hüseyn İbrahimov vurğulayıb ki, istənilən münasibətdə yaranan problem və gərginliklər zorakılıqla deyil, dialoq və qanuni yollarla həll edilməlidir:

"Əgər ailədə problem varsa, onun həlli məhkəmədə, psixoloq yanında və ya qarşılıqlı anlaşma yolu ilə tapılmalıdır. Qətl nə ədalət, nə də "kişilik" göstəricisidir. Bu, sadəcə olaraq cəmiyyətin mənəvi tənəzzülünü dərinləşdirir",- deyə o fikrini sonlandırıb.

Sosioloq Asif Bayramov isə TodayPress TV-yə bildirib ki, istənilən hüquqi dövlətdə, yəni qanunun ali olduğu, sosial münasibətlərin tənzimlənməsində aparıcı yükün əsasən qanunun üzərinə düşdüyü hər bir toplumda davranışlarımızın qiymətləndirilməsi ilk növbədə hüquq kontekstində həyata keçirilir.

Ona görə də müvafiq məhkəmə qərarı olmadan kiminsə bu və ya digər əməlinə cəmiyyətin hüquqi qiymət vermək cəhdi legitim hesab oluna bilməz.

Onun sözlərinə görə, bu, cəmiyyətin ictimai nəzarət funksiyasını məhdudlaşdırmaq anlamına gəlmir. 

"Davranışlara nəzarət təkcə dövlətin deyil, həm də cəmiyyətin və dini inancların da üzərinə düşən bir məsuliyyətdir. Cəmiyyət üzvlərinin davranış və əməllərinə nəzarət funksiyası yalnız dövlətin müvafiq siyasi institutlarına məxsus deyil; o, həm də cəmiyyətin əsrlərlə formalaşdırdığı sosial-əxlaq sferasına aid bir missiyadır. Üstəlik, dini şüurun hakim olduğu cəmiyyətlərdə insanların sosial fəaliyyəti üzərində üçüncü bir nəzarət mexanizmi – dini nəzarət də mövcuddur. Cəmiyyət hadisələrə qiymət verərkən hüquqi, əxlaqi və dini nəzarət mexanizmlərin sərhədlərini düzgün müəyyənləşdirməlidir. Məsələn, sosial və ya milli əxlaq müstəvisində xəyanət hesab olunan bir əməl, hüquq müstəvisində iradə azadlığı, dini müstəvidə isə, hətta, cinayət əməli kimi dəyərləndirilə bilər. Belə misalların sayı çoxdur, çünki hüquq, əxlaq və din fərqli sosial zərurətlərdən doğduqları kimi, dəyərləndirmədə də fərqli meyarlardan çıxış edirlər".

O, Tovuz hadisəsinə münasibət bildirərkən, məhkəmə istintaqı olmadan hadisənin arxasında xəyanətin olub-olmaması barədə hökm verməyin doğru olmadığını deyib:

"Məhkəmə istintaqı aparılmadan bu hadisənin arxasında əxlaqi müstəvidə xəyanətin olub-olmaması barədə hökm verməyimiz bizi dedi-qodu mühitinə sürükləyər. İnsanların şifahi razılaşma yolu ilə qarşılıqlı olaraq öz üzərlərinə götürdükləri öhdəliklərin və bu öhdəliklərə sadiq qalacaqlarına verdikləri vədin pozulması faktı milli əxlaq müstəvisində xəyanət, dönüklük əməli kimi dəyərləndirilir. Lakin milli əxlaq xəyanət əməlinə görə müxtəlif qınaq və cəza formaları nəzərdə tutsa da, insanı ölüm həddinə gətirəcək qədər ağır cəza üsullarını təqdim etmir".

Qeyd edək ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmova Ramilənin bir neçə bıçaq zərbəsi alaraq qətlə yetirilməsi barədə məlumat daxil olub.

DİN-dən bildirilib ki, dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və qətlin mərhumun keçmiş həyat yoldaşı tərəfindən törədilməsi məlum olub. Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov maddi sübutla birlikdə saxlanılaraq prokurorluğa təqdim edilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Hüseyn İbrahimov,Sosioloq,Asif Bayramov,Mənəvi dəyərlər,Todaypress.tv,

photo