“Sevdiyimə görə valideynlərimi də silərəm!” - Qadağan olunmuş qohum evliliyinə yeni “ÇARƏ” tapıldı - ARAŞDIRMA

Cəmiyyət

20.08.2025 18:37

Bu gün ölkəmizdə ailə münasibətləri ətrafında müzakirə edilən məsələlər arasında qohum evliliyi xüsusi yerə malikdir. Hər il yüzlərlə insan yaxın qohumu ilə ailə qurur. Ancaq istər tibbi, istərsə də sosial cəhətdən bunun öz ciddi fəsadları mövcuddur. Belə ki, qohum evliliyindən doğulan uşaqlarda genetik xəstəliklərin riski iki dəfə yüksək olur. 

Məhz bu riskləri nəzərə alaraq, Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı sərəncama əsasən, 2025-ci il iyulun 1-dən etibarən Ailə Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib. Yeni qanunda əmi, xala, bibi və dayı uşaqları arasında nikahın bağlanması rəsmi şəkildə qadağan edilib.

Qanun bir il öncədən ictimaiyyətə açıqlandığı üçün nişanlı və ya evlənmək istəyən qohumlara kifayət qədər vaxt verilib. Bu müddət ərzində çoxları münasibətlərini rəsmiləşdirmək imkanı əldə edib. Ancaq vaxtında hərəkət etməyənlər, "nişan pozularsa, qohum-əqrəba nə deyər?" kimi düşünənlər qaydalara baxmayaraq, yenə də evlilik üçün müraciət edirlər. Təbii ki, bu cür hallarda cavabın mənfi olduğu artıq hamıya məlumdur. 

Lakin görünür öz “həqiqətlərindən” dönməyənlər yeni “çarələr” tapmağa başlayıblar. Belə ki, bəzi valideynlər övladlarını övladlıqdan çıxarmaq haqqında düşünür. Məqsəd isə sadədir: hüquqi baxımdan aradakı qohumluq əlaqəsini ləğv etdirmək və nikaha şərait yaratmaq.

Bəs bu üsulla evlənmək həqiqətən də mümkündürmü? 

Mövzu ilə bağlı hüquşünas Ramil Süleymanov TodayPress TV-yə danışarkən bildirib ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyində “övladlıqdan çıxarma” anlayışı mövcud deyil. Buna görə də, qanunvericilikdə hər hansı şəxsin əmi, xala, bibi və ya dayı uşaqları ilə evlənməsi qadağan olaraq qalır. 


"Hətta belə bir hal nəzərdə tutulsa belə, bu, dəlalət vermir ki, həmin şəxs yaxın qohumu ilə evlənsin. Qanunvericilikdə edilən bu dəyişikliklərin əsas məqsədi qohum nikahlarının qarşısını almaqdır. Bu da dünyaya gələ biləcək xəstə uşaqların sayının azalması üçün atılmış bir addımdır".

Vəkil vurğulayıb ki, qohum evliliyi qadağan olunsa da, buna əməl etməyənlərlə bağlı konkret cəza yoxdur.

Qeyd etdiyimiz kimi, bu qərarın əsas məqsədi genetik xəstəlik riski yüksək olan uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. Bəs niyə məhz qohum evliliyində bu risklər daha çox olur?

Bu sualımıza mama-ginekoloq Rəşad Sultan aydınlıq gətirib. Onun sözlərinə görə, insan orqanizmində bütün normal xüsusiyyətlər və irsi xəstəliklər genlərdə kodlaşdırılır. İnsanın hüceyrələrində isə 46 ədəd xromosom mövcuddur ki, bunlar elmi dildə “xromosom dəstəsi” adlanır:

"Əgər genlərin funksiyasında hər hansı çatışmazlıq və ya pozğunluq olarsa, bu, irsi xəstəlik kimi özünü büruzə verir. Məsələn, orqanizmə lazım olan hər hansı maddə sintez olunmur və ya lazımınca ifraz edilmir. Gen defektləri əslində çox yayılıb. Orta hesabla hər insanda 3 gen defekti mövcuddur. Bəs niyə bu defektlər özünü xəstəlik kimi göstərmir? Çünki insanda 46 xromosom 23 cüt halındadır. Yəni hər bir genin iki nüsxəsi var. Onlardan biri defektli olanda, digəri sağlam olduğu üçün onu kompensasiya edir. Tutaq ki, hər hansı maddə bir gen tərəfindən istehsal olunmur, amma eyni funksiyanı daşıyan digər sağlam gen onu təmin edir. Bu səbəbdən də xəstəlik özünü göstərmir. Ancaq hər iki gen defektli olarsa, yəni cütlüyün hər ikisi zədələnmiş olarsa, xəstəlik ortaya çıxır".


Ginekoloq əlavə edib ki, insanlarda genetik defektlər müxtəlif genlərdə yerləşdiyindən, iki eyni defektli genin üst-üstə düşməsi nadir hallarda baş verir. Məsələn, əgər bir şəxsdə 3-4 gen defekti varsa, bunların bir neçəsini atadan, digərlərini isə anadan alır və hər biri fərqli gen defektinə aid olduğundan xəstəlik yaranmır.

Bəzi regionlarda valideynlər övladlarını qohum evliliyinə məcbur edirlər. Halbuki, evlilik sevgi və qarşılıqlı razılıq əsasında qurulmalıdır. Digər tərəfdən, qohum olmalarına baxmayaraq, bir-birini sevən və münasibətlərini evliliklə rəsmiləşdirmək istəyənlər də az deyil.

Elə bu mövzu ilə bağlı danışan psixoloq Nabat Mirzəyeva bildirib ki, bir çox ailələrdə uşaqlıqdan qohumların bir-birinə “bacı-qardaş” kimi müraciət etməsi öyrədilir. Bu, ailə bağlarının güclü olduğunu, ailə sevgisinin önəmini və ayrılmaz birliyə dair anlayışı ifadə edir:

"Uşaqlara kiçik yaşlardan aşılanır ki, əmi, bibi, dayı, xala oğlu və ya qızı - hamınız bacı-qardaşsınız. Beləliklə, “ailə” anlayışı bacı-qardaş münasibəti üzərindən ötürülür, yaxın qohumluq əlaqələri isə bu anlayış vasitəsilə möhkəmləndirilir. Valideynlərin uşaqlara bu cür müraciət etməsinin əsas məqsədi ondan ibarətdir ki, yaxın qohumlar arasında sevgi münasibəti formalaşmasın. Bu, həm də ailə daxilində incikliklərin, anlaşılmazlıqların baş verməməsi üçün nəzərdə tutulmuş mədəni yanaşmadır".


Buna baxmayaraq, mütəxəssis əlavə edib ki, bəzən vəziyyət dəyişə bilir. Uşaqlıqda bacı-qardaş kimi böyüyən qohumlar uzun illər görüşmədikdən sonra yenidən bir araya gəldikdə, bir-birlərinə fərqli gözlə baxmağa başlayırlar. Artıq onlar üçün “bacı-qardaş” münasibəti deyil, tamamilə başqa bir baxış yaranır:

"Çünki bir insanın digərinə qarşı hisslər duyması üçün yad olması vacib deyil. Bəzən qohumlar arasında da cazibə, maraq və sevgi hissi yarana bilir. Uşaqlıqda qoyulan qadağalar da müəyyən mənada maraq oyadır, illər sonra isə bu, cazibəyə çevrilə bilir.

Ancaq tibbi baxımdan vəziyyət fərqlidir. Qohum evliliklərində irsi xəstəliklərin ötürülmə ehtimalı daha yüksək olduğuna görə, belə hallarda mütləq tibbi müayinədən keçmək lazımdır. Sevgi və cazibə nə qədər güclü olsa da, dünyaya gələcək uşaqlarda sağlamlıq problemlərinin ola biləcəyi göz önünə alınmalıdır”, - Nabat Mirzəyeva fikrini sonlandırıb.

Bu cür halların qarşısını almaq üçün insanları sözügedən mövzu ilə bağlı məlumatlandırmaq vacibdir. Elə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva TodayPress TV-nin sorğusuna cavab olaraq bildirib ki, qan qohumları arasında bağlanan nikahların mənfi nəticələrini nəzərə alaraq dövlət tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir, qanunvericiliyə dəyişikliklər edilir. 


Belə ki, bu istiqamətdə aparılan işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Sənədin icrası 14 dövlət qurumuna və 76 yerli icra hakimiyyətinə tapşırılıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən evlilik və qohum evliliyin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır. Azərbaycanda qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsinə dair araşdırmalar aparılıb.

"Ölkədə bütün bu aparılan işlərə baxmayaraq, qohum nikahları aktual məsələlərdən biri olaraq qalırdı. Bu da ölkənin gələcək nəsillərinə və genofonduna cidddi təsir edə bilərdi. Son illər ərzində sağlamlıq problemləri ilə, irsi genetik xəstəliklərlə, xüsusilə də anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları ilə, talassemiya xəstəliyi ilə qeydə alınan uşaqların sayında artım bu istiqamətdə ciddi tədbirlərin görülməsinin vacibliyini göstərirdi. Bu əsasda 2024-cü ildə Ailə Məcəlləsində qohum nikahlarının bağlanmasına qadağa qoyulmasına dair dəyişiklər ölkədə sağlam uşaqların dünyaya gəlməsinə öz müsbət təsirini göstərəcək. Eyni zamanda Qanun rəsmi nikaha girmədən evliliyə daxil olanların sayının artmasına təsir göstərə bilər. Lakin, dövlət tərəfindən sözügedən məsələnin həlli istiqamətində lazımi tədbirlərin görülməsinə baxmayaraq bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələr belə evlilik hallarının baş verməsinə səbəb olur, bu da cəmiyyətin imkanlarını məsələnin həllinə yönəltməyin vacibliyini göstərir. İctimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi cəmiyyətdə qohum evlilikləri bağlı düzgün münasibətin formalaşmasında çox vacibdir", - deyə komitədən bildirilib.

Qeyd etmək lazımdır ki, qohum evliliklərində təkcə tibbi risklər deyil, sosial problemlər də ciddi narahatlıq doğurur. Məsələn, sonradan ailənin dağılması təkcə iki şəxsin yox, bütöv bir nəslin üzləşdiyi böyük bir dramdır. Buna görə də bu mövzuya şəxsi baxışlardan uzaq, obyektiv yanaşmaq vacibdir. Bəzi insanların “qadağaları yıxmaq” kimi yanaşmaları prosesin inkişafına mane olsa da, davamlı maarifləndirmə işləri müsbət nəticələrin əldə olunmasını qaçılmaz edəcək. Necə deyərlər: “Moskva birdən-birə qurulmayıb ki”. 

Türkan İsgəndərli

tag: Qohum evliliyi,Ailə Məcəlləsi,Övladlıqdan çıxarma,Cərimə,Todaypress.tv,