Ekspert: “İqlim dəyişikliklərinə vaxtında reaksiya verilməsə, qiymətlər bahalaşacaq”

Cəmiyyət

17.09.2025 17:05

Deputat Əli Məsimli Milli Məclisin iclasında deyib ki, iqlim dəyişiklikləri iqtisadiyyata və kənd təsərrüfatına çox ciddi təsir göstərir. 

O, quraqlığın təbii fəlakət sırasına daxil olması istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı ekspert Famil Niftiyev bildirib ki, iqlim dəyişiklikləri Azərbaycan kimi kənd təsərrüfatı ölkəsi üçün daha kəskin şəkildə hiss olunur. 

Onun sözlərinə görə, bu proseslər fermerləri çətin vəziyyətə salır:

"Deputat Əli Məsimlinin də vurğuladığı kimi, kənd təsərrüfatı birbaşa təbii resurslardan - torpaq, su və iqlim amillərindən asılıdır. Əvvəla, yağıntıların qeyri-sabitliyi və ekstremal hava hadisələrinin çoxalması məhsuldarlığa ciddi təsir göstərir. Əgər əvvəllər yağış mövsümləri daha sabit idisə, indi ya intensiv leysanlar şəklində, ya da uzunmüddətli quraqlıqlar formasında müşahidə olunur. Leysanlar bağları və əkin sahələrini sıradan çıxarır, quraqlıqlar isə suvarma tələbatını artırır".

“Vaxtsız şaxtalar isə meyvə ağaclarının çiçəklərini məhv edir”

Ekspert vurğulayıb ki, temperaturun yüksəlməsi də ayrı bir təhlükədir. Belə ki, yay aylarında havanın normadan isti keçməsi bitkilərin vegetasiya dövrünü pozur, məhsuldarlığı aşağı salır. Vaxtsız şaxtalar isə meyvə ağaclarının çiçəklərini məhv edir və nəticədə məhsul itkisi qaçılmaz olur.

"Azərbaycanın məhdud şirin su ehtiyatları da iqlim dəyişikliklərinin ən ağır nəticələrindən birini yaradır. Çaylarda suyun azalması suvarma sistemlərini daha da çətin vəziyyətə salır və fermerlərin xərclərini artırır. Bununla yanaşı, iqlim dəyişiklikləri yeni xəstəliklərin və zərərvericilərin yayılmasına şərait yaradır ki, bu da əlavə dərmanlama xərcləri deməkdir. Bütün bu proseslərin nəticəsi fermer üçün ikiqat çətinlikdir: həm məhsul itkisi yaşayır, həm də daha çox xərc çəkməli olur".

İqtisadçının fikrincə, belə bir şəraitdə fermerlər adaptasiya tədbirlərinə üstünlük verməlidirlər. Ən mühüm istiqamət suya qənaət edən texnologiyalardır:

“Təbii riskləri azaltmaq üçün aqrosığorta mexanizmləri əhəmiyyətli rol oynaya bilər”

"Damcı və yağmurlama sistemləri həm su itkisini, həm də xərcləri minimuma endirir. İqlimə davamlı toxum sortlarının seçilməsi məhsuldarlığın qorunması üçün vacibdir. Torpağın münbitliyinin qorunması, düzgün aqrotexniki tədbirlərin görülməsi və üzvi gübrələrdən istifadə də adaptasiyanın ayrılmaz hissəsidir. Təbii riskləri azaltmaq üçün aqrosığorta mexanizmləri əhəmiyyətli rol oynaya bilər. Dövlətin subsidiyalar, təlim proqramları və texniki dəstək vasitəsilə fermerləri maarifləndirməsi isə prosesin əsas dayaqlarından biridir".

Famil Niftiyev əlavə edib ki, iqlim dəyişiklikləri kənd təsərrüfatı üçün qaçılmaz təhlükədir və bu, təkcə fermerlərin gəlirlərinə deyil, həm də ölkənin ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir. 

"Əgər vaxtında düzgün adaptasiya addımları atılmasa, məhsul itkisi artacaq, ərzaq məhsullarının qiymətləri bahalaşacaq və fermerlərin sosial rifahı daha da zəifləyəcək. Amma müasir yanaşmaların tətbiqi, dövlət və fermer əməkdaşlığının gücləndirilməsi ilə bu risklərin bir hissəsini minimuma endirmək mümkündür", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Famil Niftiyev,Ekspert,Ekologiya,Bahalaşma,Todaypress.tv,

photo