Ceyhun Məmmədov: “Dinimizdə dəbdəbəli ehsan anlayışı yoxdur”

Cəmiyyət

31.07.2025 17:14

Son günlərdə rayonlarda dəbdəbəli yas mərasimlərindən imtina halları artmağa başlayıb. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov TodayPress TV-yə danışarkən bunun olduqca sevindirici hal olduğunu bildirib. 

“Əslində, biz dəfələrlə bu məsələni həm parlamentdə, həm də mətbuatda qaldırmışıq, bu barədə fikirlər səsləndirmişik. Sevindirici haldır ki, artıq bir çox bölgəmizdə bu proses gedir. Şirvan şəhərində da belə bir qərarın qəbul edilməsi isə olduqca müsbət addımdır”. 

Millət vəkili açıqlayıb ki, insanların böyük əksəriyyəti dəbdəbəli yas mərasimlərindən əziyyət çəkir. Onlar üçün bu, həqiqətən də çətin və bir o qədər də bahalı bir prosesdir. Ümumiyyətlə, dəbdəbəli ehsan süfrələri və dünyasını dəyişmiş insana üç gündən artıq yas saxlamaq dinimizdə yoxdur və dinimiz bunu dəstəkləmir.

Parlamentari müvafiq halların aradan qaldırılması üçün iki çıxış yolu təqdim edib. Onlardan biri inzibati yol, digəri isə insanların özlərinin bu prosesi şüurlu şəkildə qəbul etməsidir.  

“Çox şükür ki, artıq insanlarımız bu məsələyə şüurlu şəkildə yanaşırlar və bu da olduqca müsbət haldır. Ümid edirik ki, dəbdəbəli yas mərasimlərindən bütün bölgələrimiz imtina edəcək”.  

Qeyd edək ki, Şirvan şəhərində yas mərasimlərində ehsan verilməsi yığışdırılıb.  

Xatırladaq ki, daha öncə analoji addım Sabirabad, Saatlı, Kürdəmir və Qubada da atılıb.  

Töhfə Səməd

tag: Ceyhun Məmmədov,Deputat,Ehsan,Din,Todaypress.tv,