“Partiya sədrlərdən çox “oğru Quli”ni tanıyırlar” - Sərdar Cəlaloğlu ilə “Əks Təsir”
TodayPress TV Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir.
- Gəncədə 18 yaşlı oğlan döyülərək öldürüldü. Son dövrlərdə gənclər arasında kriminal hallar artır. Sizcə bu aqressiyanın səbəbi nədir?
- Şər, pislik yoluxucudur. Problem təkcə bu deyil. Ailə zorakılıqları da artır. Kiçik bir şeyin üstündə ata oğul, oğul atanı öldürür. Toyuq qonşunun həyətinə keçir, qonşu qonşunu öldürür. Törədilən cinayətlərlə səbəbləri arasında o qədər ciddi fərq var ki, anlayırıq ki, bu problemlər zəruriyyətdən doğmur. Bu, insanların psixoloji vəziyyəti ilə bağlı ortaya çıxan haldır.
- Psixoloji təsirlər gənclərə də siraət edir. Həm oğlanlar, həm qızlar arasında kriminal aləmə meyl artır...
- Əgər cəmiyyətə ciddi ideallar vermirsinizsə, lazım olan ideyaları təbliğ etmirsinizsə, yaranan boşluğa rəqiblər sovrulacaq. Cəmiyyəti yaxşıya doğru inkişaf etdirmək istəyəndə, boşluq buraxdıq. Düzgün ideallar və idealar seçilmədi. Belə olan halda dərhal cəmiyyəti pozmaq istəyən qüvvələr həmin boşluğu doldurdular və hakim oldular. Bunlar kimlərdir?
İnsan alveri, narkoticarət ilə məşğul olanlar, cinayətkarlar, zorakılıq edənlər. İnsan nümunə olmadan yaşaya bilməz. İnsan şüuru özünü kiməsə bənzətmək istəyir. Cəmiyyətə qəhrəmanlar, dahilər təqdim edilmirsə, insan özü özünə ideal axtarmağa başlayır. Bir də görürsən ki, ideal olaraq seçdiyi "vorzakon" və ya pozğun qadındır. Baxın, Azərbaycan televiziyaları nəyi təbliğ edir? Ekspert çıxıb deyir ki, kişi yoldaşına 3000 manatlıq telefon ala bilmirsə, qadın niyə ona yoldaşlıq etməlidir? Bu nə deməkdir? Azərbaycanda neçə kişi öz yoldaşına bahalı telefon ala bilər? Cəmi 1%.
O da korrupsiya ilə. Onda belə çıxır ki, Azərbaycan ailələrindəki 99% qadınlar pozğunluğa gedə bilərlər, çünki yoldaşları bahalı telefon almır. Bu cür proqramlar cəmiyyətin dəyərlərini pozmağı hədəflənib.
Kişi çıxıb video göstərir ki, yoldaşımın xəyanətini tutdum, dalaşırlar, sonra onları verilişdə barışdırırlar. Bu verilişlərin arxasında Azərbaycan xalqının düşmənləri dayanıb. Azərbaycanda yanlış ailə institutu yaratmağa xidmət edirlər. Digər tərəfdən, ailələrimizdə həddən artıq pozğunluq inkişaf edib. Bu cür ailələrdə uşaqlar travma ilə böyüyürlər.
Uşaq gözünü açandan ana-atanın dalaşdığını görürsə, o uşaq da zorakılıq edəcək. Dini nöqteyi-nəzərdən tərbiyə aparılmalıdır. İndi məscidlər ümumiyyətlə tərbiyə sistemindən çıxıb. Məktəblərdə müəllim-şagird münasibətləri tənzimlənməlidir. Müəllimlə şagird o qədər mehriban, yaxın olmalıdır ki, uşaq lazım gələndə hamıdan gizlətdiyini müəlliminə deyə bilsin, ondan məsləhət alsın.
Həmçinin zorakılığın inkişafında dedektiv janrında olan kitabların, serialların da böyük rolu var.
Çingiz Abdullayev fəxr edir ki, kitablarım milyonlarla satılır. Bir dənə mənəvi tərbiyə, milli dəyərlə bağlı heç nə yazmayıb. Bu cür kitablar cəmiyyəti zorakılıq ruhunda tərbiyə edir.
Zorakılıqla bağlı əsərlər, seriallar, səhnə əsərləri hamısı qadağan olunmalıdır.
- Məktəbin rolunu vuğulayırsınız. Bir neçə gün əvvəl Bakıda məktəb direktoru şagirdlərdən son zəng üçün pul yığdığına görə vəzifədən azad edildi. Bu da bir növ zorakılıqdır.
- Uşaqlara ana-atadan çox müəllim təsir edir. Diqqət etsəniz, aşağı siniflərdə bütün uşaqlar müəllim olmaq istəyirlər. Çünki müəllim onların ilk tanış olduğu imic yaradıcısıdır. Məktəbdə iqtisadi təzyiqin olması ailələrdə də problemə səbəb olur. Varlı üçün o pulun önəmi yoxdur. Deyirlər gətir, gətirir. Kasıb uşaq onu gətirə bilmir və ya gedib ailəsini o pul üçün məcbur edirsə, bu zaman ailədaxili zorakılıq da başlayır. Ata döyməyə, söyməyə başlayır ki, hardan alım? Yəni bu məsələ özü aztəminatlı ailələrdə çox ciddi ailəvi problemdən başlayır, şəxsiyyət probleminə qədər aparır. Belə hallar qadağan olunmalıdır.
- Ailə institundan danışırıq. Bu il iyulun 1-dən etibarən qohum evliliyini qadağan edən qanun qüvvəyə minir. Siz bu məsələyə necə yanaşırsınız?
- Genetika haqqında təsəvvürlər yanlışdır. Belə bir fikir var ki, birində genetik xəstəlik varsa, mütləq uşaqlarında da olacaq. Bəzi genetik xəstəliklər 3, 5, bəzən də 9-cu nəsildə meydana çıxır. Yad biri ilə evlənirsiniz, nə bilirsiniz onun 9-cu nəsilində hansı genetik xəstəlik olub?
Qan qarışıqlığı sadəcə mənfi tendensiyanı ortaya çıxarmır, həm də nəsildə yüksək istedad varsa, qohum əlaqələri onu da üzə çıxarır. İndi bir qərar veriblər ki, irsi xəstəliklər artacaq, amma eyni zamanda dahilərin yetişməsi də azalacaq. Biri əmisi oğlunu sevir, sən də qadağan etdin ki, evlənə bilməzsən, nə etməlidir? “qanunlarla insanların hisslərini yönəltmək olmaz. Gedib ya qeyri-rəsmi evlənəcəklər, ya gizli sevəcəklər, ya da ən pis halda heç biri heç vaxt evlənməyəcək…
- Bu yaxınlarda həkim Rəşid Mahmudovun “təmiz araq” içməyi tövsiyə etməsi də cəmiyyətdə böyük rezonans doğurdu.
- Spirt tibdə bəzi xəstəlik növlətində müalicə kimi tətbiq olunsa da, orqanizmə çox ziyandır. Qaraciyəri sıradan çıxaran vasitələrdəndir. Hətta insan bədəninin özündə də spirt əmələ gəlir, amma bu, pataloji haldır. Hətta dünyada 10 insan bu səbəbdən alışaraq ölüb.
“Yanıq Kərəm” ifadəsi də burdan gəlir. İnsanlar var ki, onlarda həddən artıq həyəcan səbəbindən maddələr mübadiləsi elə pozulur ki, bədəndə spirt əmələ gəlir. Sağlam metobolik prosesdə spirt əmələ gəlmir. Spirtin sinis sisteminə, əhvala müsbət təsiri olsa da, fiziki olaraq bədənə çox mənfi təsir edir. Rəşid müəllimə gəldikdə, özü içəndi deyə əməlinə haqq qazandırmaq istəyir.
- Cəmiyyətdə tanınan adamdır. Sabah biri deməyəcək ki, həkim içirsə, mən niyə içməyim?
- Tanınma hər zaman pozitiv anlayış deyil. Bəzən anlayışların mahiyyətinə vara bilmirik. Tanınırlar deyə “vorzakon”ları özlərinə nümunə seçirlər. Azərbaycanda siyasi partiyaların sədrlərini tanımırlar, amma “oğru Quli”ni tanıyırlar.
- Bu yaxınlarda İmişlidə keçirilən 9 May tədbirində SSRİ bayrağı qaldırıldı və “Georgi lenti” nümayiş etdirildi. Nə düşünürsünüz?
- Azərbaycanca rəsmi şəkildə Rusiyadan maaş alan 80 minə yaxın agent var. O adamın sərvətinə baxın.
Araşdırsanız, 100% sərvətində Rusiyanın rolu var. Heç Rusiyanı müdafiə etdiyi kimi dədəsini müdafiə etməz.
Deyir ki, bəs siz niyə Türkiyənin bayrağını qaldırırsınız? 100 il istismarda saxlayan, Qarabağı almağa çalışan SSRİ-nin bayrağını qardaş Türkiyənin bayrağı ilə bir tutur.
- Rejissor Ayaz Salayev də demişdi ki, rus dilindənsə türk dili Azərbaycan üçün təhlükədir…
- Beynəlxalq olimpiadalarda iştirak edənlər Azərbaycan bölməsində təhsil alanlardır. Çoxu da rayon məktəblərindəndir. Hanı sənin rus dilinin nəticəsi? “Bu obada yeyib, o biri obaya hürürlər”!
Qiymət Mahir
tag: Sərdar Cəlaloğlu,Müsahibə,Əks-təsir,Sədr,Todaypress.tv,