“Azəri, Azərbaycan türkü, yoxsa...” - Özümüzə nə ad verək? - TƏHLİL
Cəmiyyət
19.08.2025 17:41
"Azəri torpağının hamımız övladıyıq,
Bakı bizim anamız, ona canla bağlıyıq".
Yəqin ki, bu misralar bir çoxumuza tanışdır. Xalq artisti Eyyub Yaqubovun dillər əzbəri olan “Azəri torpağı” mahnısının bu sətirləri səsləndikdə, insanlar fərqinə varmadan musiqinin ahənginə qapılır, ifaya könüldən qoşulurlar. Mahnının yalnız melodiyası deyil, sözləri də dinləyicidə doğmalıq və qürur hissi oyadır.
Amma maraqlı bir məqam var ki, həmin mahnıda işlənən “azəri” ifadəsi heç kimdə narahatlıq yaratmır, heç bir etiraza səbəb olmur. Lakin gündəlik həyatda azərbaycanlılara “azəri” deyildikdə, bu ifadə çox vaxt qəzəblə qarşılanır, narazılıq doğurur. Hətta bəzi hallarda bu, ciddi mübahisə və fikir ayrılıqlarına da səbəb olur.
Bəs “azəri” anlayışının yaranma səbəbi nədir? Azərbaycan xalqını düzgün şəkildə ifadə etmək üçün hansı termin daha uyğundur?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov bildirib ki, “azəri” ifadəsi tarixi baxımdan tamamilə başqa bir etnik qrupa aiddir:
"Azərilər fars dilləri ailəsinə aid dialektdə danışan etnik toplumdur və onların Azərbaycan türkləri ilə heç bir bağlılığı yoxdur. Buna görə də bizim “azəri’ adlandırılmağımız yanlışdır. Bu termin məqsədli şəkildə tariximizi təhrif etmək və türklüyümüzü kölgəyə salmaq üçün ortaya atılıb".
Alimin sözlərinə görə, Konstitusiyamızda etnik kimlik kimi Azərbaycan türkləri "azərbaycanlı" adlandırılır. Eyni zamanda, ölkədə yaşayan digər xalqların nümayəndələri — talış, avar, ləzgi, rus və s. — milli kimliklərini özlərinə məxsus etnik adlarla ifadə edirlər.
Vüsal Baxışovun fikrincə, gələcəkdə qanunvericilikdə aparılacaq islahatlar zamanı “azərbaycanlı” termini daha dəqiq ifadə olunaraq “Azərbaycan türkü” kimi qeyd edilməlidir.
“Azəri” anlayışının azərbaycanlılara şamil edilməsi uzun illərdir siyasi və ideoloji məqsədlərlə həyata keçirilir. Azərbaycan xalqını “azəri” adlandırmaqla bizi türk dünyasından uzaqlaşdırmağa çalışıblar. SSRİ, fars və dünya tarixçiləri uzun müddət Azərbaycan türklərini “azəri” kimi təqdim etməyə cəhd göstəriblər. Bu yanaşmanın əsas məqsədi Azərbaycan türklərinin etnik mənsubiyyətini təhrif etmək, onları türk köklərindən ayırmaq və süni şəkildə “azəri” adlı fərqli bir xalqla eyniləşdirmək olub".
Tarixçi qeyd edib ki, Azərbaycan türklərinə qarşı "azəri" ifadəsinin işlədilməsi tarixi saxtakarlıq və siyasi təxribatdan başqa bir şey deyil.
"Digər vacib məsələ ondan ibarətdir ki, Azərbaycan Turanın bir qoludur. Eləcə də Özbəkistanda yaşayan qardaşlarımız Turanın Özbək eli, Qazaxıstanda yaşayanlar isə Qazax elinin nümayəndələridir. Bu yanaşmanı digər türksoylu xalqlara da şamil etmək mümkündür.
Ümid edirəm ki, gələcəkdə qardaş türk dövlətləri fars mənşəli və coğrafi yer bildirən "-stan" sonluğundan imtina edilməsi məsələsini müzakirəyə çıxaracaqlar. Bu kontekstdə, bir neçə il əvvəl “Qırğızıstan Respublikası”nın adının dəyişdirilərək, “Qırğız Respublikası” olması təqdirəlayiq haldır. Ümid edirik ki, digər türk dövlətləri də ad islahatlarına gedəcəklər", - deyə fəlsəfə doktoru fikrini sonlandırıb.
Türkan İsgəndərli
tag: Vüsal Baxışov,Fəlsəfə Doktoru,Azəri,Azərbaycan türkü,Todaypress.tv,