Koronavirus yenidən yayılır? – AÇIQLAMA
Cəmiyyət
24.06.2025 16:22
Son günlər insanlar arasında qızdırma, boğaz ağrısı, ürəkbulanma və halsızlıq halları artıb.
Bəs bu əlamətlər yeni virusun xəbərçisi ola bilər?
Həkim Qoşqar İsmayılov TodayPress TV-yə danışarkən bildirib ki, hazırda insanlar arasında influenza və digər respirator infeksiyalar yayılır. Onun sözlərinə görə, əhali bu simptomları yüngül qəbul etməməlidir.
"Bu il influenza virusları yalnız qışda deyil, yay aylarında da aktivlik göstərir. Qızdırma, boğazda yanma, udqunarkən ağrı, halsızlıq, bəzən ürəkbulanma və baş ağrısı kimi əlamətlərlə müşahidə olunur. İnsanlar bu simptomları sadə soyuqdəymə hesab edərək ev şəraitində ötüşdürməyə çalışır, lakin bu, yanlış yanaşmadır".
Həkim vurğulayıb ki, bu cür hallarda özünü təcrid etmək, başqaları ilə yaxın təmasdan çəkinmək, maye qəbulu və vitaminlərlə immunitetin dəstəklənməsi vacibdir. Çünki qrip virusları zəif immun sistemində daha ağır fəsadlara yol aça bilər.
"Bu əlamətlər bəzən koronavirusun yüngül formaları ilə də üst-üstə düşür. İnsanlarda bəzən COVID-19-un yeni mutasiyaları da bu cür yüngül simptomlarla keçir. Ona görə də dəqiqləşdirmə üçün test yoxlanışından keçmək lazımdır", - deyə o əlavə edib.
Qoşqar İsmayılov qeyd edib ki, bu il virusların yayılmasına səbəb havanın kəskin dəyişkənliyi və qapalı məkanlarda kondisionerlərin aktiv istifadəsidir.
Türkan İsgəndərli
tag: Qoşqar İsmayılov,Həkim,Korona,Virus,Todaypress.tv,
