DSX-də 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirildi
Cəmiyyət
28.05.2025 10:14
Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Bu barədə TodayPress TV-yə DSX-dən məlumat verilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilmişdir ki, İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyini dünyaya bəyan etmiş cümhuriyyətimiz cəmi 23 ay mövcud olmasına baxmayaraq, müsəlman şərqində ilk parlamentli respublika kimi demokratik idarəetmə quruluşuna malik olub, qadınlara seçki hüququ verilmiş, milli ordu, təhsil və məhkəmə sistemi yaradılıb, dövlət atributları formalaşdırılıb, Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla bərabər, xalqımızın azadlıq iradəsinin parlaq təcəssümünə çevrilib.
Tədbirlərdə 1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınmış, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışılıb.
Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sərhədlərin qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanmış, bu məqsədyönlü siyasətin nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyi şəxsi heyətin diqqətinə çatdırılıb.
Müstəqil dövlətimizin təhlükəsizliyi və rifahı naminə sədaqətlə xidmət etməyin hər bir sərhədçi üçün müqəddəs vəzifə olduğu, dövlətinə, xalqına və Ali Baş Komandanına sədaqətlə bağlı olan sərhədçilərin bu şərəfli missiyanı böyük məsuliyyət və qürur hissi ilə yerinə yetirdiyi xüsusi olaraq qeyd edilib.
Tədbirlərin sonunda Müstəqillik Gününə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.
tag: DSX,28 May,Tədbir,Paylaşım,Todaypress.tv,





