İşləməyən QR kodlar: Alıcılar ƏDV-nin qaytarılmamasından narazıdır – SƏBƏB NƏDİR?

Cəmiyyət

07.08.2025 17:01

“50 manatlıq məhsul aldım, amma ƏDV geri qaytarılmadı”, “QR kodu tətbiqə skan etsək də, sistem imtina verdi” – bu kimi şikayətləri alıcılardan tez-tez eşitmək olur.

Bəzi vətəndaşlar alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) geri qaytarılmaması ilə bağlı narazılıq edirlər. Onlar bildirirlər ki, təqdim edilən qəbzlərdəki QR kodlar işlək vəziyyətdə olmadığına görə, ödənilən vəsaitin müəyyən hissəsini geri qaytara bilmirlər.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli TodayPress TV-yə açıqlamasında bildirib ki, bütün məhsullar ƏDV-yə cəlb olunmur.

Onun sözlərinə görə, ƏDV yalnız bu vergiyə cəlb olunan məhsullara və ƏDV ödəyicisi olan müəssisələrə şamil edilir. Yəni bəzi məhsullar ümumiyyətlə ƏDV-dən azaddır və bu məhsullara görə vəsaitin geri qaytarılması mümkün deyil.

"Məsələn, kənd təsərrüfatı məhsulları, çörək və quşçuluq məhsulları qiymət artımının qarşısını almaq məqsədilə ƏDV-dən azad olunub. Bu, sosial həssas təbəqələrin qorunması məqsədi daşıyır. Bundan başqa, bəzi mağazalar sadələşdirilmiş vergi ödəyicisi statusuna malikdirlər və onlar ƏDV ödəmədikləri üçün müştərilərə də ƏDV-ni geri qaytara bilmirlər".

İqtisadçı vurğulayıb ki, bu proses birbaşa sahibkar tərəfindən deyil, dövlət tərəfindən tənzimlənir:

"ƏDV prosesi belə işləyir: məhsulun qiymətinə əvvəlcə 18 faiz əlavə olunur. Əgər ödəniş kart vasitəsilə həyata keçirilərsə, bu 18 faizdən 17,5 faizi dövlət tərəfindən toplanır və onun 13,15 faizi müştəriyə geri qaytarılır. Qalan 4,35 faiz isə vergi kimi dövlət büdcəsinə yönləndirilir. Bu, vergi ödəyicisi olaraq hər birimizin borcudur".

Ekspertin fikrincə, istehlakçılar bu proses barədə daha məlumatlı olmalı, hansı məhsulun və ya müəssisənin ƏDV ödəyicisi olduğunu əvvəlcədən bilməlidirlər:

"ƏDV-nin geri qaytarılması bütün məhsul və ya mağazalara şamil olunmur. Dövlət tərəfindən ƏDV tutulmayan məhsullarla bağlı geri qaytarılma mexanizmi də mövcud deyil. Müştərilər maariflənməli və prosesin necə işlədiyini başa düşməlidirlər", - deyə Xalid Kərimli fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Xalid Kərimli,İqtisadçı,QR Kod,ƏDV,Todaypress.tv,

photo