İqtisadçı: “Tarif artımı ilə qənaətə nail olmaq absurddur”
Cəmiyyət
08.10.2025 14:39
"Əgər dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, amma xidmətin keyfiyyəti hələ də artırılmırsa, bu zaman diferensiallaşdırmanı tətbiq etmək doğru deyil".
İqtisadçı Günay Hüseynova bu fikirləri TodayPress TV-yə danışarkən bildirib.
“Tarif artımı ilə qənaətə nail olmaq absurddur”
O, kommunal xidmətlərdə diferensiallaşdırma siyasətinin əleyhinə olduğunu qeyd edib:
"Əgər xidmətlər dövlət tərəfindən maliyyələşdirilirsə, onların keyfiyyətinin artırılması vətəndaşın cibindən deyil, dövlət büdcəsindən təmin olunmalıdır. Tarif artımı ilə qənaətə nail olmaq absurddur. Qiymətlər qalxanda da insanlar ehtiyacları qədər istifadə edəcəklər, qənaət bununla təmin olunmur".
“Qənaət etmək istəyiriksə, monitorinqlər aparılmalıdır”
İqtisadçı qeyri-qanuni və səmərəsiz istifadə hallarının qarşısını almaq üçün monitorinqlərin gücləndirilməsinin vacibliyini vurğulayıb:
"Əgər qənaət etmək istəyiriksə, monitorinqlər aparılmalıdır. Bu proses Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və bələdiyyələrlə birgə həyata keçirilməlidir. Məsələn, bir qəsəbədə əhali sayı çox, amma su sayğacı azdırsa və ya sayğaclar yararsız vəziyyətdədirsə, bu, artıq səmərəsiz istifadəyə səbəb olur. Belə hallarda vətəndaş məsuliyyətə cəlb edilməlidir".
Ekspert əlavə edib ki, kommunal xidmətlərin keyfiyyəti artırılmadan qiymət artımı sosial ədalətsizliyə səbəb olur:
"Sosial ədalət prinsipi o demək deyil ki, azbüdcəli təbəqəyə yardım etmək üçün digər vətəndaşın cibindən vəsait alınsın. Bu, iqtisadi bərabərsizliyə gətirib çıxarır. Əgər kim xidmət haqqını ödəyirsə, keyfiyyətli xidmət də almalıdır".
Günay Hüseynova yekunda qeyd edib ki, standart tariflərin tətbiqi və monitorinq mexanizmlərinin gücləndirilməsi kommunal xidmət sektorunda şəffaflığın və ədalətin təmininə xidmət edə bilər.
Qeyd edək ki, ötən həftə keçirilən “Bakı İqlim Fəaliyyəti Həftəsi – 2025” (BCAW2025) çərçivəsində sudan səmərəli istifadə və istehlak zamanı qənaətin təşviqi məsələləri diqqət mərkəzində olub. Yeni su tarifləri mövzusu isə “II Milli Rəqabət Forumu”nun panel müzakirəsində gündəmə gətirilib. Müzakirə zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov mövzu ilə bağlı çıxış edib.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,İqtisadçı,Tarif artımı,Qənaət,Todaypress.tv,
