İlham Bayramov: “Azərbaycanda su idarəçiliyi üçün vahid məlumat bazası yaradılır”

Cəmiyyət

11.09.2025 13:50

Azərbaycanda su anbarları, çay sululuğu, iqlim və torpaq məlumatları, daşqın risklərinin xəritələşdirilməsi üçün vahid məlumat bazası yaradılacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində təşkil olunan "Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma" adlı panel müzakirələrində jurnalistlərə açıqlama verib.

O bildirib ki, su anbarları, suyun çatdırılması və daşınması, infrastruktur, iqlim və torpaq məlumatları, çaylarda sululuğun həcmi, həmçinin son dövrlərdə hamımızın şahidi olduğumuz daşqınlar və su basmaları ilə bağlı risklərin qiymətləndirilməsi və onların xəritələşdirilməsi təmin olunacaq:

“Layihə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, xüsusilə də Coğrafiya İnstitutu tərəfindən birgə həyata keçirilir. Qeyd olunan məlumatlar əsasında məkan və coğrafi informasiya sistemləri texnologiyalarına əsaslanan vahid məlumat bazası yaradılacaq. Bu baza müəyyən səlahiyyətlər çərçivəsində bütün istifadəçilərə açıq olacaq və elektron formada geniş istifadəyə təqdim ediləcək. Bu da ölkəmizdə su ehtiyatlarından səmərəli istifadə, eləcə də suyun idarə olunması və tənzimlənməsi üçün xüsusi əhəmiyyət daşıyacaq”. 

Qiymət Mahir

TodayPress TV

tag: İlham Bayramov,Tədbir,Bakı su həftəsi,Çıxış,Todaypress.tv,