İctimai nəqliyyatda zorakılıq: Bu cür səhnələr uşaqlara necə təsir edir?

Cəmiyyət

25.09.2025 15:41

Son günlər sosial şəbəkələrdə yayılan bir video cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. 

Belə ki, görüntülərdə ictimai nəqliyyat vasitəsində iki qadının uşaqların gözü qarşısında sərt şəkildə mübahisə etdiyi, daha sonra isə əlbəyaxa davaya keçdiyi əks olunub.

Bəs bu cür aqressiv və zorakı hadisələr uşaqlara necə təsir edir?

“Belə hallar uşağın emosiyalarını sağlam şəkildə ifadə etməsinə mane olur”

Psixoloq Zeynəb Əyyubova bunu TodayPress TV-yə açıqlamasında bildirib ki, uşaqlar böyüklərin davranışını müşahidə edərək öyrənirlər.

Onların qarşısında baş verən mübahisə və xüsusilə aqressiv davranışlar bir neçə istiqamətdə mənfi nəticələrə yol aça bilər.

"Uşaqlar üçün ən vacib ehtiyaclardan biri təhlükəsizlikdir. Əgər onlar böyüklərin aqressiv münasibətlərinin şahidi olurlarsa, bu, onlarda qorxu, gərginlik və güvənsizlik hissi yaradır. Belə hallar uşağın emosiyalarını sağlam şəkildə ifadə etməsinə mane olur, əsəbilik, yuxu və iştaha pozuntularına səbəb ola bilər".

Psixoloqun sözlərinə görə, uşaqlar müşahidə yolu ilə davranış modellərini mənimsədiyindən, qarşılarında aqressiv ünsiyyət görmələri gələcəkdə onların da münaqişələri eyni üsulla həll etməsinə gətirib çıxara bilər. Bu isə həm məktəb mühitində, həm dostluq münasibətlərində, həm də ailə həyatında mənfi nəticələr doğura bilər.

“Onlara başa salmaq lazımdır ki, insanlar arasında anlaşılmazlıqlar yarana bilər”

"Belə hallardan sonra valideynlər uşaqlara gördüklərinin düzgün davranış nümunəsi olmadığını izah etməlidir. Onlara başa salmaq lazımdır ki, insanlar arasında anlaşılmazlıqlar yarana bilər, lakin bu problemləri sülh yolu ilə, dinləmə və hörmət çərçivəsində həll etmək daha sağlamdır. Bu izah uşaqlarda düzgün davranış modelinin formalaşmasına kömək edir", - deyə o bildirib.

Zeynəb Əyyubova onu da qeyd edib ki, böyüklərin ictimai yerlərdə, xüsusilə də uşaqların olduğu mühitdə daha məsuliyyətli davranması vacibdir. Çünki uşaqlar üçün ən güclü öyrənmə mənbəyi onların müşahidə etdikləridir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Zeynəb Əyyubova,Psixoloq,İctimai nəqliyyat,Zorakılıq,Todaypress.tv,

photo