Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbirləri təşkil etdi

Cəmiyyət

26.08.2025 18:08

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının müxtəlif əyləncə məkanlarında uşaqlar üçün şənliklər keçirilib.

TodayPress TV xəbər verir ki, şənliklərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları, eləcə də valideyn himayəsindən məhrum, internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyac duyan uşaqlar iştirak ediblər.


İstirahət məkanlarına xüsusi avtobuslarla gətirilən uşaqlar onlar üçün təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyunlara, ustad dərslərinə qatılıb, rəqslərə qoşulublar.

Uşaqlar həm də hovuzda doyunca əylənib, müxtəlif oyunlarda, o cümlədən köpük şouda iştirak ediblər.


Günboyu davam edən tədbirlər çərçivəsində uşaqlar üçün nahar süfrəsi də təşkil olunub.

Ad günləri bugünkü tarixə təsadüf edən uşaqlar isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.


Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.


tag: Heydər Əliyev Fondu,Mehriban Əliyeva,Əyləncə məkanları,Şənlik,Todaypress.tv,