Gənclər arasında estetik əməliyyata maraq artır – psixoloq səbəbləri açıqladı
Cəmiyyət
16.10.2025 16:43
Son illərdə 18 yaşına çatan kimi estetik əməliyyata üz tutan gənclərin sayı artır.
Bu hal cəmiyyət arasında narahatlıq doğurur: gənc yaşda estetik əməliyyat etdirməyə nə vadar edir?
Bu əməliyyatlar psixoloji asılılıq yarada bilər?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Gülnar Orucova bildirib ki, həkimlər 18 yaşdan aşağı şəxslərə estetik əməliyyat etməsələr də, bəzi gənclər məhz həmin yaş dövrünü səbirsizliklə gözləyirlər.
Onun sözlərinə görə, bəzi həkimlər 18 yaşdan aşağı qızlara dolğu proseduru edirlər. Ancaq bu, sağlamlıq üçün zərərlidir:
"Hətta 18 yaşında üzünə botoks tətbiq etmək istəyənlər var. Halbuki insan bədənində kollagen 20 yaşdan sonra azalmağa başlayır və bu, yalnız 40 yaş civarında nəzərə çarpacaq dərəcədə olur. Buna baxmayaraq, bəzi xanımlar çox erkən yaşdan dolğu və botoksa müraciət edirlər".
Psixoloq əlavə edib ki, Azərbaycanda estetik əməliyyatların bir çoxu kommersiya məqsədi daşıyır və həkimlər fəsadlardan çox, əməliyyatın müsbət tərəflərindən danışaraq pasiyentləri təşviq edirlər:
"Xaricdə həkimlər risklər barədə açıq danışır. Məsələn, liposaksiya əməliyyatlarında 20 faiz ölüm riski var. Amma bizdə bu məlumat pasiyentə demək olar ki, verilmir".
Ekspert vurğulayıb ki, sosial mediada filterlərdən çox istifadə edən insanlar öz görünüşlərində qüsur tapmağa daha çox meylli olurlar:
"Filterlər üz cizgilərini mükəmməl göstərir. İnsan real həyatda bu effekti görə bilməyəndə qüsur axtarmağa başlayır və nəticədə estetik əməliyyata üz tutur. Sevgisizlik və qəbul olunmamaq hissi də bu kompleksi dərinləşdirir. Əməliyyatlar isə psixoloji asılılıq yarada bilər. Buna görə də gənclər kiməsə görə deyil, özləri üçün yaşamalıdırlar", - deyə Gülnar Orucova qeyd edib.
Türkan İsgəndərli
tag: Gülnar Orucova,Psixoloq,Gənclər,Estetik,Todaypress.tv,
