Tükənmiş işçilərlə necə davranılmalıdır? – Mütəxəssis AÇIQLADI
Cəmiyyət
05.06.2025 17:56
"Müəssisələrdə işçilərin emosional tükənməsi və peşəkar yanma halları iş keyfiyyətinə birbaşa təsir göstərdiyi üçün rəhbərlik bu məsələyə xüsusi diqqət ayırmalıdır".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.
Onun sözlərinə görə, müəssisə rəhbərləri işçilərin psixoloji durumunu, emosional vəziyyətini və ümumi faydalı iş əmsalını daim nəzərə almalıdırlar.
“Əgər müəssisə yüksək iş keyfiyyəti istəyirsə, bu, ilk növbədə işçinin psixoloji rahatlığı və emosional stabilliyindən asılıdır. Müəssisədə psixoloji iqlim, rəhbər-işçi münasibətləri sağlam və anlayışlı olmalıdır. Bu həm rəhbərin menecerlik bacarığı, həm də təşkilati yanaşması ilə bağlıdır. Emosional tükənməyə məruz qalan işçilər öz məzuniyyət hüquqlarından istifadə etməklə bu vəziyyətdən qismən çıxa bilərlər. Əmək Məcəlləsinə əsasən, işçilər illik məzuniyyətlərindən istədikləri vaxt istifadə edə bilərlər".
Sosioloq vurğulayıb ki, əgər işçi emosional tükənmə və ya peşəkar yanma yaşayırsa, bu zaman məzuniyyətini həmin dövrə sala bilər. Həmçinin müəssisə rəhbərliyi də bu məsələdə dəstək göstərməli, həmin əməkdaşı müvəqqəti əvəzləyəcək şəxslərlə işin davamlılığını təmin etməlidir.
Ekspert hesab edir ki, bu cür hallar üçün ilkin mərhələdə diaqnostik qiymətləndirmə və psixoloji testlər tətbiq olunmalı, nəticələrə əsasən işçiyə uyğun dəstək mexanizmi müəyyənləşdirilməlidir.
“Testlər vasitəsilə işçinin emosional vəziyyəti ölçülə bilər. Əgər nəticələr peşəkar yanmanı təsdiqləyirsə, o zaman işçiyə əlavə istirahət imkanı tanınmalı və bu, müəssisədaxili imkanlarla tənzimlənməlidir", – deyə Üzeyir Şəfiyev yekunlaşdırıb.
Qeyd edək ki, bəzi ölkələrdə emosional tükənmiş işçilərə məzuniyyət verilir.
Türkan İsgəndərli
tag: Üzeyir Şəfiyev,Sosioloq,Tükənmiş,İşçi,Todaypress.tv,
