Avropa Şəhərciyi 2025 – Avropa İttifaqı Bakıda

Cəmiyyət

22.06.2025 13:00

Ənənəvi Avropa Şəhərciyi yenidən qapılarını ictimaiyyətə bazar günü 22 iyun 2025-ci il saat 13:00-da Bakı bulvarında açır. Bu tədbir Avropa İttifaqı, onun dəyərləri və siyasəti, o cümlədən Azərbaycanla uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq haqqında daha ətraflı məlumat əldə etmək üçün maraqlı imkan təqdim edir.

TodayPress TV xəbər verir ki, tədbir həmçinin Avropa İttifaqına üzv dövlətlərin tarixi, mədəniyyəti, ənənələri və bu ölkələrdə yaşayan insanların bugünkü həyatı ilə tanış olmaq imkanı da yaradacaq.

Tədbirin rəsmi açılışı saat 14:00-da baş tutacaq. Açılış mərasimində Avropa İttifaqının və Avropa İttifaqına üzv dövlətlərin səfirləri, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova iştirak edəcəklər.

“Avropa İttifaqı Bakıda” mövzusu ilə keçirilən Avropa Şəhərciyi 2025 bu il də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil olunur. Tədbir Aİ-yə üzv ölkələrin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəyərli dəstəyi ilə həyata keçirilir. Tədbir zamanı Avropa İttifaqının Azərbaycanda həyata keçirtdikləri layihələr və Aİ Nümayəndəliyinin fəaliyyəti də diqqətə çatdırılacaq.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib: “Avropa Şəhərciyi Avropaya açılan bir pəncərədir – Avropa İttifaqını unikal edən zəngin mədəniyyətini və müxtəlifliyini görmək, öyrənmək və ondan zövq almaq üçün bir imkandır. Bu bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən məmnunuq!”

Avropa Şəhərciyi bazar günü 22 iyun saat 13:00-dan 18:00-dək ziyarətçilər üçün açıq olacaq və bütün yaş qrupları üçün nəzərdə tutulmuş zəngin və əhatəli proqramla Azərbaycan ictimaiyyətinə təqdim ediləcək. Bu ilki tədbir sağlam həyat tərzi və idmanın təbliğinə həsr olunub.  

Avropa Şəhərciyi üçün planlaşdırılmış maraqlı proqrama üz boyama, nağıl qəhrəmanları ilə uşaq kitabları guşəsi, şahmat turnirləri, futbol və basketbol kimi idman yarışları, müxtəlif viktorinalar daxildir. Əsas səhnədə isə Avropa və Azərbaycan musiqi və rəqs nömrələri, əyləncəli müsabiqələr və mini yarışmalar təqdim olunacaq.

Tədbir zamanı ziyarətçilər Aİ-yə üzv dövlətlərin pavilyonlarını və Azərbaycanda Aİ tərəfindən dəstəklənən təhsil, regional inkişaf və digər sahələrdə həyata keçirilən layihələrin pavilyonlarını ziyarət etməklə Avropa İttifaqı haqqında daha ətraflı məlumat ala biləcəklər. “Avropada Təhsil” pavilyonu isə gənclərə Avropadakı təhsil imkanları barədə məlumat təqdim edəcək.

Saat 19:00-dan 20:00-dək keçiriləcək möhtəşəm axşam konserti ilə Avropa Şəhərciyi 2025 başa çatacaq. Konsertdə məşhur müğənnilər Samira Əfəndi və the Miles Band ilə Aydan Həsənova çıxış edəcəklər.

Avropa İttifaqını Bakıda kəşf etmək üçün Avropa Şəhərciyi 2025-də bizə qoşulun!

Avropa Şəhərciyi 2025 proqramı ilə bağlı daha ətraflı məlumatı https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ və ya https://www.instagram.com/eudelegation_az/ əldə edə bilərsiniz. 

tag: Avropa ,Avropa Şəhərciyi 2025,Avropa İttifaqı,Bakı,Todaypress.tv,