“Bug Bounty” proqramı uğurla yekunlaşdı
Cəmiyyət
18.07.2025 12:11
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yerli kibertəhlükəsizlik startapı olan “Qarabug” platforması vasitəsi ilə GOV.AZ zonasına aid informasiya sistemlərində ilk dəfə həyata keçirilən “Bug Bounty” proqramı uğurla yekunlaşıb.
TodayPress TV xəbər verir ki, cari ilin aprel – iyul aylarını əhatə edən layihə çərçivəsində könüllü olaraq təhlükəsizlik üzrə zəiflikləri aşkara çıxaran mütəxəssislər, sadəcə texniki bacarıqlarını deyil, həm də vətəndaş məsuliyyətini və dövlətin rəqəmsal gələcəyinə olan töhfələrini nümayiş etdiriblər.
Tədbirin açılış mərasimində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisi, general-mayor Azər Əhədov “bug bounty” layihəsinin həyata keçirilməsinin dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsi olduğunu qeyd edib. Eləcə də A.Əhədov Xidmətin Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin monitorinq və reaksiya qabiliyyətinin artırılması və istedadlı gənc mütəxəssislərin müəyyən olunmasın baxımından layihənin əhəmiyyətli rol oynamasını vurğulayıb.
Daha sonra çıxış edən “Qarabug” startapının təsisçisi Miraqşın Abutalıbov uğurla başa çatan “Bug Bounty” proqramının gələcəkdə daha geniş miqyaslı layihələrə ilham verəcəyini və kibertəhlükəsizlik üzrə yerli potensialın inkişafına töhfə verəcəyini qeyd edib. O əlavə etmişdir ki, informasiya təhlükəsizliyi sahəsində belə uğurlu layihələrin artılırması üçün bu təcrübə öyrənilməli və paylaşılmalıdır.
Ümumilikdə qeydiyyatını təsdiq etmiş 600 nəfərdən 39 nəfərin aktiv iştirak etdiyi proqram çərçivəsində təhlükəsizlik zəifliklərinin aşkarlanması və peşəkar şəkildə sənədləşdirilməsinə görə ən yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıb.
Birinci yeri qazanan Nicat Abbaslı - 10.000 manat, ikinci yerin qalibi Fuad Anzurov - 7.000 manat, üçüncü yerin sahibi Qərib Quluzadə isə 5.000 manat pul vəsaiti ilə “Bug Bounty” proqramının qalibləri elan olunaraq mükafatlandırılıblar. Yüksək nəticələrinə görə dördüncü, beşinci və altıncı yerləri tutan iştirakçılara isə fəxri fərmanlarla yanaşı qiymətli hədiyyələr təqdim olunub.
Mükafatçılar arasında kibertəhlükəsizlik sahəsində oxuyan tələbələr ilə yanaşı, gənc mütəxəssislər də yer alıb ki, bu da proqramın əsas məqsədlərindən biri olan yeni nəsil etik hakerlərin stimullaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.