Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək - YENiLƏNDİ 2
Cəmiyyət
08.08.2025 12:25
Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək
TodayPress TV xəbər verir ki, bunu hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.
"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək", -o bildirib.
***
10:10
08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub.
Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib.
Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.
***
09:10
Bu gün saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında bir qadın körpə dünyaya gətirib.
TodayPress TV bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.
tag: Bakı,Metro,Doğuş,Körpə,Todaypress.tv,