Bazarda kərə yağı qıtlığı: Qiymətlər bahalaşacaq?

Cəmiyyət

20.10.2025 16:09

"Kərə yağının qiymətində müşahidə olunan artım bir sıra iqtisadi və struktur səbəblərlə bağlıdır".

Bunu iqtisadçı Günay Hüseynova TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, statistik rəqəmlər həmişə real vəziyyəti tam əks etdirmir, çünki rəsmi qeydiyyata düşməyən, vergiyə cəlb olunmayan satış həcmləri kifayət qədər çoxdur:

"Xüsusilə bazarlarda, kənd və rayonlardan birbaşa sifarişçilərə və mağazalara göndərilən məhsullar bu statistikaya daxil edilmir. Rəsmi olmayan satış, qeyri-statistik rəqəmlərlə göstərilən miqdarlar və digər amillər real mənzərəni təhrif edir".

Ekspert əlavə edib ki, yağ istehsalının azalmasının əsas səbəblərindən biri xammal, yəni süd məhsullarının çatışmazlığıdır. Heyvanların saxlanma və yem xərclərinin artması bu sahəyə marağı azaldır, nəticədə isə tələb-təklif balansı pozulur və qiymətlər yüksəlir: 

"Bazardakı disbalansın digər mühüm səbəbi idxal olunan yağlardır. Bəzi idxal məhsulları ucuz istehsal texnologiyasına malik olduğu üçün daha aşağı qiymətə satılır. Hətta kərə yağı adı altında mənşəyi məlum olmayan yağlar da bazara çıxarılır. Alıcıların bir qismi isə xarici məhsulu daha keyfiyyətli hesab edir".

İqtisadçının fikrincə, qiymətlərin tənzimlənməsi və bazarda şəffaflığın təmin olunması üçün ciddi islahatlara ehtiyac var:

"Əvvəlcə bazarlarda və kəndlərdən, rayonlarından gələn məhsullar vergiyə cəlb olunmalıdır. Əgər şəxs gəlir əldə edib vergi ödəmirsə, amma işsiz statusunda yardım alırsa, bu, sosial və iqtisadi ədalətsizlik yaradır".

Günay Hüseynova vurğulayıb ki, həm real statistik mənzərənin formalaşdırılması, həm də yerli istehsalın qorunması məqsədilə idxal rüsumlarının artırılması və kvotaların tətbiqi vacibdir.

Onun hesabınca, yerli istehsalı dəstəkləyən təşəbbüslər həm məşğulluğun artmasına, həm də daxili bazarın güclənməsinə xidmət edəcək.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə kərə yağı istehsalında kəskin azalma qeydə alınıb. Belə ki, bu dövrdə 19 935.1 ton kərə yağı istehsal olunub ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.8 faiz azdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Günay Hüseynova,İqtisadçı,Kərə yağı,Qiymətlər,Todaypress.tv,

photo