Alkoqollu içkilərin qiyməti artdı: İstehlak azalacaq?

Cəmiyyət

30.10.2025 14:09

Azərbaycanda alkoqollu içkilər üçün yeni minimum satış qiymətləri müəyyən edilib.

Qaydalara əsasən, 0.5 litrlik içkilər ən azı 9.50 manata, 0.7 litrliklər 12.42 manata, 1 litrliklər isə 16.73 manata satılacaq.

Bəs bu qərar alkoqollu içkilərin bazarına və istehlak vərdişlərinə necə təsir göstərəcək?

İqtisadçı Günay Hüseynova TodayPress TV-yə açıqlamasında bildirib ki, bu məhsullara qoyulan qiymət kvotası və ya qiymət artımı onların bazardakı tələbinə ciddi təsir göstərməyəcək.

Çünki belə məhsullarda qiymət nə qədər yüksəlsə də, istehlakçı onu almağa davam edir:

"Alkoqollu içkilər və tütün məmulatlarına olan tələbat daha çox psixoloji asılılıqla bağlıdır və bu səbəbdən də qiymət artımı alıcılıq qabiliyyətinə uzunmüddətli təsir göstərmir. Qiymət artımı qısa müddətdə müəyyən təsir yarada bilər, lakin orta və uzunmüddətli dövrdə istehlak yenidən əvvəlki səviyyəsinə qayıdır".

İqtisadçı hesab edir ki, istehlakın azaldılması məqsədilə tətbiq olunan bu qiymət siyasəti gözlənilən nəticəni verməyəcək:

"Daha effektiv addım alkoqollu içkilərin və tütün məmulatlarının satışının böyük marketlərdə məhdudlaşdırılması ola bilər. Digər ölkələrdə olduğu kimi, bu məhsulların ayrıca satış məntəqələrində satılması daha məqsədəuyğun olardı", - deyə Günay Hüseynova əlavə edib.

Qeyd edək ki, yeni qərar həm yerli istehsalın stimullaşdırılmasına, həm də keyfiyyətsiz məhsulların dövriyyədən çıxarılmasına xidmət edir.

Türkan İsgəndərli

TodayPress TV


tag: İçki,Spirtli,Qadağa,Artım,Todaypress.tv,

photo