Adı “ənənə”, özü isə borc bataqlığı: Cehiz üçün evsiz qalmağa razı olanlar…
Cəmiyyət
06.08.2025 19:06
“Azərbaycanda ailə qurmaqla bağlı bəzi ənənələrin şişirdilməsi dəyərlərimizə ziddi ziyan vurur”.
Sosioloq Sahib Altay bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda ailə qurarkən həyata keçirilən bir çox adət-ənənələr gəncləri valideynlərindən maddi cəhətdən asılı vəziyyətə salır. Toy mərasimləri ilə bağlı xərclər - elçilik, qızıl, xonça, nişan, cehiz və digər təmtəraqlı detallar bir çox gənc üçün əlçatmazdır.
“Bu adətlərə əməl etmək ciddi maddi vəsait tələb edir. Nəticədə nə oğlan bu xərcləri qarşılaya bilir, nə də qız cehizi təkbaşına hazırlaya bilir. Beləliklə, ailələr iki gəncin deyil, iki nəsilin razılığı ilə qurulur. Toylar artıq öz mahiyyətindən uzaqlaşıb. Ənənəvi olaraq iki şəxsin izdivacını qeyd etmək üçün təşkil olunan bu şənliklər indi cəmiyyət qarşısında status nümayişinə çevrilib. İnsanlar xoşbəxtliyi deyil, maddi imkanlarını nümayiş etdirməyə çalışırlar. Bir insanın illik qazancını birgünlük mərasimə xərcləməsi tamamilə absurddur”.
Sosioloqun fikrincə, bu cür adətlər həm bazara xidmət edir, həm də sosial təzyiq vasitəsinə çevrilir. Bu isə ciddi narahatlıq doğurur.
“Bəzən görürük ki, yeni evlənən şəxlər kirayədə yaşasalar da, mənzili bahalı cehizlərlə doldurublar. Halbuki həmin vəsaitlə onlar ev alaraq daha rahat və müstəqil həyat qura bilərlər. Təəssüf ki, insanlar xoşbəxt olmağa yox, xoşbəxt görünməyə çalışırlar”.
Onun fikrincə, bu kimi məsələlərə müəyyən ictimai və institusional nəzarət mexanizmləri tətbiq olunmalı, xüsusilə gənclərin həyatına mənfi təsir göstərən sosial normalar yenidən dəyərləndirilməlidir.
Qeyd edək ki, Ağdaş rayonunun Ləki qəsəbəsində cehiz məsələsi ilə bağlı mübahisə nəticəsində 23 yaşlı gəncin intihar etdiyi iddia olunur. Hadisədən sonra oğlan və qız ailələri məsələ ilə bağlı bir-birini günahlandırıblar.
Türkan İsgəndərli
tag: Ailə qurmaq,Adət-ənənə,Borc bataqlığı,Toy,Todaypress.tv,
