Lajana Manandhar: Yaxın Şərq böhranı Cənubi Asiya ailələrinə təsir edir
“Yaxın Şərqdəki böhran minlərlə ailəni borc və qeyri-müəyyənliklə üz-üzə qoyur”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı tədbirdə Asiya Mənzil Hüquqları Koalisiyasının təmsilçisi Lajana Manandhar deyib.
O bildirib ki, Yaxın Şərqdə baş verən münaqişələr Cənubi Asiya ölkələrində yaşayan ailələrə ciddi sosial və iqtisadi təsir göstərir.
Lajana Manandhar qeyd edib ki, Nepal, Pakistan, Hindistan, Şri-Lanka və digər ölkələrdən minlərlə insan işləmək və ailələrinə dəstək olmaq üçün Yaxın Şərq ölkələrinə üz tutur.
“Onlar yalnız pul qazanmaq üçün getmirlər. Həmin insanlar bu ölkələrin şəhərlərinin və iqtisadiyyatlarının qurulmasına töhfə verirlər ki, qarşılığında öz ailələri üçün daha yaxşı yaşayış şəraiti yarada bilsinlər”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, ailələr övladlarını məktəbə göndərmək, tibbi xərcləri qarşılamaq, torpaq almaq və yaşayış şəraitini yaxşılaşdırmaq ümidi ilə yaxınlarını Yaxın Şərqə işləməyə göndərirlər.
Lajana Manandhar bildirib ki, bir çox insan xaricə getmək üçün banklardan, maliyyə institutlarından və icma kooperativlərindən kredit götürür.
“Belə böhranlar baş verəndə insanlar əliboş ölkələrinə qayıdır və nəticədə ağır borc yükü ilə üzləşirlər”, – deyə o qeyd edib.
Asiya Mənzil Hüquqları Koalisiyasının təmsilçisi əlavə edib ki, Nepalda qadınların rəhbərlik etdiyi 50-yə yaxın yığım və kredit kooperativi fəaliyyət göstərir və bu qurumlar əsasən yoxsul icmalar və qeyri-rəsmi yaşayış məntəqələrində yerləşir.
Qiymət Mahir