Azərbaycan cüdosunda yeni yol başlanır
Monqolustanda keçiriləcək “Böyük Dəbilqə” turniri ilə 2028-ci il Yay Olimpiya Oyunları üçün təsnifat mərhələsinə start veriləcək.
TodayPress TV xəbər verir ki, Azərbaycan reytinq turnirində 19 cüdoçu ilə təmsil olunacaq.
19–21 iyun tarixlərində keçiriləcək Ulan-Bator turnirində kişilər arasında Əhməd Yusifov, Balabəy Ağayev (60 kq), Ruslan Paşayev, Nizami İmranov (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (73 kq), Zelim Tskayev (81 kq), Murad Fətiyev, Aslan Kotsoyev (90 kq), Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov və Camal Qamzatxanov (+100 kq) tatamiyə çıxacaq.
Qadınların yarışında isə Könül Əliyeva, Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) və Mədinə Kaisinova (+78 kq) mübarizə aparacaq.
Qeyd edək ki, iki il ərzində toplanacaq reytinq xalları əsasında hər çəki dərəcəsində ilk 17 pillədə qərarlaşan cüdoçular Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Namiq HUN