“PSJ”ni UEFA tərəfindən ciddi cəza gözləyir
UEFA
04.06.2025 09:49
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Paris Sen-Jermen” klubunu azarkeşlərinin aqressiv davranışlarına görə cərimələməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın Bild qəzeti məlumat yayıb.
PSJ-nin Çempionlar Liqasının finalında “İnter” klubunu 5:0 hesabı ilə darmadağın etdiyi matç zamanı və qarşılaşmadan sonra Paris təmsilçisinin azarkeşləri bir sıra qayda pozuntularına yol veriblər.
Mənbənin məlumatına görə, UEFA təkcə cərimə ilə kifayətlənməyəcək, həmçinin PSJ-ni stadiondakı ziyana görə məsuliyyətə cəlb edə bilər. Azarkeşlərin ikinci hissədə üç qol vurulan qapının torunu kəsməsi, meydançanın ot örtüyündən parça qopararaq suvenir kimi götürməsi və pirotexniki vasitələrdən təkrar istifadəsi xüsusi qeyd olunub.
Final fitindən sonra minlərlə PSJ fanatı “Münhen Arena” stadionunda təhlükəsizlik səddini aşaraq meydana axışıb. Təxminən 2000 nəfərlik azarkeş qrupu yalnız alman polisinin müdaxiləsi ilə tribunalarına qaytarılıb.
Hadisənin nəticəsi olaraq PSJ-yə qarşı cərimə ilə yanaşı əlavə sanksiyaların da tətbiqi istisna edilmir.
Namiq HUN
tag: PSJ,UEFA,Cəza,Qərar,Todaypress.tv,