Klublararası DÇ: Avropa klublarından inamlı start

UEFA

16.06.2025 09:10

ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatı Avropa təmsilçilərinin baxımlı oyunları ilə start götürüb. 

TodayPress TV xəbər verir ki, B qrupunda UEFA Çempionlar Liqasının qalibi PSJ mundialın baş mükafatına da iddialı olduğunu “Atletiko Madrid”i 4:0 hesabı ilə darmadağın etməklə nümayiş etdirib. 

Qaliblərin heyətində qolları Fabian Ruis, Vitiniya, Senni Meyulyu və Li Kan İn vurublar.

Paris təmsilçisi Pasadena uğuru ilə son mövsümdə Avropanın ən nüfuzlu klub turnirinin liqa mərhələsində “Atletiko”ya 1:2 hesablı məğlubiyyətin əvəzini çıxıb.

Mundialın C qrupunda isə “Bavariya” Okeaniya Çempionlar Liqasının qalibi “Oklend Siti”ni meydana çıxmaqda peşman edib. 

Münhen təmsilçisi rəqibi 10 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. 

Camal Musialanın het-trik etdiyi oyunda Kinqsli Koman, Maykl Olise və Tomas Müller dublla yadda qalıblər. Qollardan biridə Saşa Boenin aktivindədir. 

Namiq HUN

tag: ABŞ,Avropa,UEFA,Çempionat,Todaypress.tv,