Bakıda UEFA Çempionlar Liqasının himnini eşidəcəyik!

UEFA

13.08.2025 16:26

“Qarabağ” 4-cü dəfə Çempionlar Liqasının “pley-off”una yüksəldi. Ağdam təmsilçisi 4 oyunun 4-də də qələbə qazandı. Legioner hücumçusu olmayan komanda, bu qarşılaşmalarda 10 qol vurub, qapısından cəmi 1 qol buraxdı. 

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin taleyini hələ bir həftə əvvəl səfərdə həll etməli idi. 

TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu doğma azarkeşlər önündə ələ düşən fürsətlərdən düzgün yararlanaraq Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı pley-off mərhələsinə həsrət qoydu. 

“Şkendiya”nın ilk qolu “Qarabağ”ın yaxşı mənada rahatlığını əlindən aldı. Məhz o qoldan sonra “köhlən atlılar” şahə qalxdılar. Nəticədə pley-off missiyası elə ilk 45 dəqiqədə yerinə yetirildi.

Zəfərin əsasını Yankoviçin start heyətdə meydana çıxması, Kadi Borgesin isə öz mövqeyinə qayıdaraq ən yaxşı tərəfdən oyununu göstərmək imkanı qazanması oldu. Hücuma çox böyük dəstək verən braziliyalı komanda yoldaşlarının fərqlənməsi üçün xeyli iş gördü. 

Turun taleyini yazanlardan biri də Zubir idi. Mərakeşli futbolçu istəklidirsə, o zaman “Qarabağ” da uğura yaxın olur. Abdullahın performansının nəticəsi də tablodadır.

Bu qələbə “Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqəsini rəsmiləşdirdi. 

Ən əsası isə, Bakıda Çempionlar Liqasının himni səslənəcək. Rəqibin kimliyindən və ya ad-sanından asılı olmayaraq, “iştah diş altındadır” deyib “köhlən atlılar”ımıza  Budapeşt səfərindəcə əsas mərhələnin qapısını  adlayaraq bizə fantastik bir tarixə şahidlik etmək imkanı yaşatmağı arzu edirəm. “Ferentsvaroş”la oyun bugünkü qədər rahat olmasa da, rəqib tanışdı, dişimizə görədir. Hər şey yeni tarixin yazılmasına doğru gedir. Əsas eyforiyaya düşməməkdir.  Çempionlar Liqasının Liqa mərhələsi mümkünsüz deyil!

Uğurlar, "Qarabağ"!

Namiq HUN

tag: UEFA,Qarabağ,Bakı,Himn,Qələbə,Todaypress.tv,

photo
photo
photo
photo
photo