Qazaxıstan və Azərbaycan arasında uçuş coğrafiyası genişlənir
Turizm
01.06.2025 19:15
Mayın 31-dən etibarən Bakının Heydər Əliyev beynəlxalq hava limanında Qazaxıstanın “Air Astana” milli aviaşirkətinin Atıraudan Bakıya ilk reysinin qarşılanması ilə bağlı təntənəli mərasim keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyindən məlumat verilib.
İlk sərnişinləri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, “Air Astana” milli aviadaşıyıcısının nümayəndələri və Bakı hava limanının rəhbərliyi qarşılayıblar. Qonaqlar qarşılanan zaman dombra sədaları ilə müşaiyət edilib, həmçinin onlara qazax mətbəxinin təamları da təqdim edilib.
Jurnalistlərə açıqlamasında səfir A. Bayel ölkələr arasında əlaqələrin intensivliyinin göstəricilərindən biri onların arasındakı reyslərin sayı olduğuna diqqət yetirib. "Bu baxımdan, ölkələrimiz arasında reyslərin sayının artması və uçuş coğrafiyasının genişlənməsi bizi sevindirir. Bu yay Qazaxıstanla Azərbaycan arasında reyslərin sayı həftədə 34-ə çatacaq. Bununla yanaşı, icazə verilən reyslərin sayını 70-ə qədər artırırıq. Yəni artım davam edəcək. Hazırda Bakıdan Astana, Almatı və Aktau şəhərlərinə uçuşlar həyata keçirilir. Bu gündən etibarən neft paytaxtımız Atırau da əlavə olunub. İyul ayında isə Qazaxıstanın üçüncü meqapolisi Şımkent də əlavə olunacaq”, - deyə diplomat bildirib.
Atırau-Bakı reysləri həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuşun müddəti 1 saat 30 dəqiqədir.
Töhfə Səməd
tag: Bakı,Hava limanı,Air Astana,Atırau,todaypress.tv,