Rusiya Azərbaycanın diaspora nümayəndələrinə qarşı: Məqsəd nədir?

Təhlil

18.07.2025 13:30

“Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın diaspora nümayəndələrinə qarşı törədilən cinayətlər məqsədli xarakter daşıyır”.

Milli Məclisin deputat Hikmət Babaoğlu bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, etnik mənsubiyyətə görə Rusiya vətəndaşlarına qarşı qanunsuz əməllər törədilməsi yolverilməzdir:

“Azərbaycan diaspor rəhbərləri uzun illərdir ki, Rusiyada yaşayan, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, mədəni və iqtisadi inkişafına töhfə verən, zərurət yarandıqda isə Rusiya dövlətinin mənafeləri naminə fəaliyyətə səfərbər olunan insanlardır. Eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə Rusiya–Azərbaycan münasibətlərinin inkişafına dəstək verilir. 

Diaspora nümayəndələri təsadüfi deyil, seçilmiş insanlardır. Onlar Rusiyada yaşayan azərbaycanlılar tərəfindən lider kimi qəbul edilən, nüfuz sahibi şəxslərdir. Məhz buna görə də belə insanlara qarşı törədilən cinayətlər məqsədli xarakter daşıyır. Məqsəd Rusiyada yaşayan azərbaycanlıları lidersizləşdirmək, kollektiv maraqlarını qoruyan şəxsləri sıradan çıxarmaqla, onlara qarşı istədikləri kimi təzyiq mexanizmi qurmaq və bu yolla daha geniş miqyaslı cinayət əməlləri həyata keçirməkdir. Bu isə tamamilə qəbuledilməzdir”.

Deputat həmçinin əlavə edib ki, belə addımlar eyni zamanda Rusiyanın dövlət imicinə də ağır zərbə vurur:

“Bu gün artıq hər kəsə aydındır ki, Rusiyada nə hüquqi ədalət, nə etnik dözümlülük, nə də multikultural mühit mövcuddur. Halbuki Rusiya dövlətçiliyi müxtəlif etnik qrupların və avtoxton xalqların yaşadığı ərazilərdə formalaşıb. Belə bir coğrafi və tarixi reallıq fonunda Rusiya sanki barıt çəlləyinin üzərində oturub kibritlə oynayır. Əgər etnik kimliyə görə ayrı-seçkiliyə yol veriləcəksə və Rusiyada yaşayan xalqlar hər biri öz milli iradəsini bərpa etməyə qalxacaqsa, bu ölkənin gələcəyi necə olacaq? Mərkəzi hakimiyyət bu gün güclü görünə bilər, lakin atılan yanlış addımlar Rusiyanın gələcəyini təhlükə altına salır”. 

Millət vəkili hesab edir ki, Rusiya rəhbərliyi bu gerçəyi anlamalı və mövcud siyasətinə yenidən baxmalıdır. 

Qiymət Mahir

tag: Hikmət Babaoğlu,Deputat,Rusiya,Diaspor,Todaypress.tv,

photo