Ermənistanın Rusiya orbitindən uzaqlaşır: DAXİLİ AUDİTORİYAYA VƏ QƏRBƏ MESAJ
Təhlil
11.07.2025 15:37
“Ermənistanın Zəngəzur dəhlizi üzərində nəzarətin ABŞ şirkətinə verilməsi imkanını gündəmə gətirməsi ilk baxışda texniki idarəetmə təklifinə bənzəsə də, əslində regionda balansı dəyişməyə yönəlmiş daha geniş geosiyasi oyunun tərkib hissəsidir”.
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu bəyanat Ermənistanın getdikcə Rusiya təhlükəsizlik orbitindən uzaqlaşdığını və qərbyönlü siyasətə daha çox meyl etdiyini göstərir:
“Lakin burada əsas məsələ təkcə Ermənistanın istəkləri deyil – regionda real güc balansıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra bölgədə formalaşan yeni siyasi və hərbi reallıqlar fonunda artıq istənilən təşəbbüsün mərkəzində Bakı dayanır.
Zəngəzur dəhlizi Azərbaycanın həm iqtisadi, həm də geostrateji baxımdan prioritet layihəsidir. Bakı bu layihəni regional inteqrasiya və nəqliyyat bağlantılarının açılması kontekstində irəli sürüb. Bu dəhlizin açılması yalnız Azərbaycanın marağı deyil, eyni zamanda Türkiyə və hətta Mərkəzi Asiya ölkələrinin də strateji maraqları çərçivəsindədir. Belə bir şəraitdə Ermənistanın ABŞ şirkətini prosesə cəlb etməklə nəzarət mexanizmini beynəlmiləlləşdirməyə çalışması daha çox daxili auditoriyaya və Qərbə mesaj xarakteri daşıyır”.
Ekspert Azərbaycan üçün əsas prinsipin dəhlizin funksionallığı və suveren maraqlara zidd olmaması olduğunu bildirib:
“Bakı bölgədə güclü və müəyyənedici aktordur, bu səbəbdən istənilən xarici iştirak yalnız Azərbaycanın razılığı və maraqları çərçivəsində mümkün ola bilər. Ermənistan isə bu tip bəyanatlarla həm öz təhlükəsizlik arxitekturasını yenidən dizayn etməyə, həm də Rusiyadan uzaqlaşma prosesini tədricən legitimləşdirməyə çalışır. Lakin Azərbaycanın diplomatik çəkisi, iqtisadi gücü və artan beynəlxalq nüfuzu fonunda bu cür təkliflər, yalnız regional konsensusa uyğun olarsa reallaşa bilər. Əks halda, bu cəhdlər yalnız simvolik xarakter daşıyacaq”.
Qeyd edək ki, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib ki, Ermənistan Zəngəzur dəhlizi üzərində nəzarətin ABŞ şirkətinə verilməsi imkanını nəzərdən keçirir.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Rusiya,Ermənistan,Todaypress.tv,
