“Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçiriləcək

Sosial

27.05.2025 17:42

3

26-29 iyun tarixlərində Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” ictimai birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçiriləcək.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyindən məlumat verilib. 

Layihə beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində gənclərin nəzəri və praktiki biliklərini artırmaq məqsədi daşıyır.

Simulyasiya formatında keçiriləcək tədbirdə iştirakçılar real beynəlxalq hüquq münaqişəsini təhlil edərək dövlət, investor və ictimaiyyət maraqlarını mübahisələndirmək imkanı əldə edəcəklər. 

Layihədə hüquqşünaslıq, texniki təmayüllü ixtisaslar, beynəlxalq münasibətlər, menecment, politologiya, jurnalistika və iqtisadiyyat üzrə təhsil alan və ya yeni məzun olmuş 25 yaşadək gənclər iştirak edə bilərlər. Tədbirdə ümumilikdə 40 nəfərin iştirakı nəzərdə tutulur. 

Layihə gənclərə yalnız nəzəri bilik qazandırmaqla kifayətlənməyəcək, həm də onların arbitraj hüququ istiqamətindəki proseslərə peşəkar yanaşma bacarıqlarını formalaşdıracaq.

tag: Naxçıvan,Layihə,Arbitraj,Təbii Sərvətlər,Todaypress.tv,