“Psixi xəstələr aramızda gəzirlər” – Sosioloqdan Qobustandakı faciə ilə bağlı CİDDİ ÇAĞIRIŞ

Sosial

09.07.2025 17:42

Qobustanda ailədaxili münaqişə dəhşətli cinayətlə nəticələnib. Rayonda qayınata gəlini qətlə yetirib. Buna səbəb isə onların övladlarının olmaması olub.    

Baş verən hadisəyə münasibət bildirən sosioloq Elçin Bayramlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu kimi faciələrin başlıca səbəblərindən biri psixi xəstəliyi olan şəxslərin cəmiyyətdə sərbəst şəkildə hərəkət etməsidir.

“Belə hadisələrdə ilkin məlumatlar adətən tam dəqiq olmur. Zamanla yeni detallar üzə çıxır. Amma əgər deyilənlər doğrudursa və bu səbəbə görə bir insan digərini qətlə yetirirsə, bu, aydın şəkildə psixi pozuntunun əlamətidir. Ağır dərəcəli psixi xəstəliyi olan şəxslər cəmiyyət üçün təhlükə mənbəyinə çevrilə bilirlər. Bu tip insanlar qapalı rejimli dispanserlərdə məcburi müalicəyə cəlb olunmalıdırlar. Təəssüf ki, hazırda belə şəxslər sərbəst şəkildə cəmiyyətin içində gəzir və bəzən belə faciələrə səbəb olurlar”.

Sosioloq əlavə edib ki, Sovet dövründə bu cür xəstələr mütəmadi nəzarətdə saxlanılır, psixi müayinədən keçirilir və dispanserlərdə müalicə olunurdular. Onun fikrincə, ölkədə bütün əhali mərhələli şəkildə psixi müayinədən keçirilməli, təhlükəli hesab edilən şəxslər müalicəyə cəlb olunmalıdır.

“Ölkədə rəsmi qeydiyyatda olan psixi xəstələrin sayı 11 000 nəfər idi, son dövrlərdə isə bu say iki dəfə artıb. Əgər buna qarşı tədbirlər həyata keçirilsə, bu gün bizi sarsıdan ağır kriminal cinayətlərin 80-90 faizinin qarşısını almaq olar”, – deyə sosioloq vurğulayıb.

Qeyd edək ki, Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatları məlum olub. Hadisə iyulun 6-da axşam saatlarında baş verib. 2001-ci il təvəllüdlü Günel Ağabəyli yaşadığı evdə bıçaqlanaraq öldürülüb. Onun qayınanası Sevil Ağayeva isə bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.  Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsi – mərhumun qayınatası, 1957-ci il təvəllüdlü Orucağa Ağayevi saxlayıb. Qayınata qətlin səbəbinin xəyanət olduğunu bildirib. Öldürülən qadının həyat yoldaşı isə bu iddianı təkzib edib.  

Türkan İsgəndərli

tag: Elçin Bayramlı,Sosioloq,Psixi,Xəstə,Todaypress.tv,

photo