Peşə-əmək Reabilitasiyası Mərkəzində “İnsan Hüquqları Aylığı”na həsr edilən tədbir keçirildi
Sosial
19.06.2025 17:41
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində “Hüququnu tanı, hüququnu qoru” adlı maarifləndirmə tədbiri keçirilib.
TodayPress TV xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən tədbirdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və Mərkəzin direktoru Rəhilə Həsrətova çıxış ediblər.
Çıxışlarda Konstitusiyamızın qəbulu, onun dövlətin hüquqi və siyasi əsaslarını təşkili və vətəndaşların hüquq və azadlıqlarının qorunması baxımından əhəmiyyətindən danışılıb. İştirakçılara “İnsan Hüquqları Aylığı” çərçivəsində həyata keçirilən tədbirlər barədə də məlumatlar verilib.
Tədbirdə həmçinin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və bu sahədə atılan addımlara diqqət çəkilib. Qeyd olunub ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası, yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və ictimai həyata fəal şəkildə cəlb olunması istiqamətində geniş fəaliyyət həyata keçirilir. Mərkəzin yetirmələri xarici ölkələrə təcrübə mübadiləsi proqramlarına göndərilir, onların əli işlərinin satış-sərgiləri təşkil edilir.
tag: ƏƏSMN,Mərkəz,Tədbir,Maarifləndirmə,Todaypress.tv,


