“Cinayətkarlar gənclərin kumirinə çevrilir” - Sosioloqdan ÇAĞIRIŞ
“Uşaq və yeniyetmələrin sosiallaşmasında ailə və məktəb institutu artıq sosial şəbəkələrə uduzur. “Z” nəsli və formalaşmaqda olan “Alfa” nəsli daha çox sosial media təsiri altındadır”.
Bu fikirləri TodayPress TV-yə açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə paylaşımların əksəriyyəti hüquqa və əxlaqa zidd məzmunlardır:
“Bu, psixologiyası tam formalaşmamış gənclərə ciddi mənfi təsir göstərir. Hətta bəzi özünü "media kapitanı" adlandıran qurumlarda cinayətkarlar qəhrəmanlaşdırılır, onlar haqqında dəbdəbəli materiallar hazırlanır. Belə təqdimatlar yeniyetmələr üçün 'avtoritet' obrazı yaradır. Nəticədə onlar bu insanları kumir kimi qəbul edirlər”.
Ekspert sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanunun vacibliyini vurğulayıb:
“Bu gün cizgi filmləri, oyunlar vasitəsi ilə aqressiya uşaqlara ötürülür. Məktəblərdə baş verən bullinqlər də sosial şəbəkələrdən gələn təsirlərin nəticəsidir. Bu hallar əvvəllər Azərbaycan cəmiyyəti üçün xarakterik deyildi. Ona görə də süzgəc mexanizminin tətbiqinə ehtiyac var. Avropada buna dair qanunlar var, Azərbaycanda da bu təcrübədən istifadə edilməlidir. Bununla yanaşı, məktəblərdə sosiometrik testlər vasitəsilə şagirdlər arasında münasibətlər müəyyənləşdirilməli, gərginliklər varsa, preventiv tədbirlər görülməlidir. Ailələrlə işləyəcək mütəxəssislər üçün isə lisenziya və sertifikat mexanizmləri tətbiq edilməlidir”.
Sosioloq bəzi yerli televiziya kanallarını da tənqid edib:
“Bəzi kanallar cinayət aləmi ilə bağlı verilişlər hazırlayır. Onlar cinayət aləminin insanlarını qəhrəmanlaşdırırlar. Məsələn, "Qızılbarmaq Fatma" kimi şəxslərin təbliği yolverilməzdir. Hətta cinayətkarların dəfn mərasimləri belə efirdə yayımlanır”.
Qeyd edək ki, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.
Türkan İsgəndərli
tag: Üzeyir Şəfiyev,Sosioloq,Ailə,Dəyərlər,Todaypress.az,
